Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) gün 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirir. Komissiyadan verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq edib. Movqe.az trend-ə istinadən bildirir ki , onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlanlardır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakı şəhərində
1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan
verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23
imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb.
Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə
müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri
yoxlanılacaq. Rezidentura səviyyəsinə qəbul imtahanının II
mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın
birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər
buraxılırlar.
İmtahanda namizədlərə baza fənləri üzrə 100 test tapşırığı təqdim
olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla
qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir
göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə
vaxt ayrılır.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə
əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza
fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri
üzrə imtahanda topladığı test balı isə 50-dən az
olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının
nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən
olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb
təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan)
ixtisasları seçib təsdiq etməlidirlər.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb
fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki
mərhələsi 2014-cü ilin iyul ayında keçiriləcək.