Bu gün Türkiyədə bələdiyyə seçkiləri günüdür

30 Mart 2014 11:15 (UTC+04:00)
Türkiyədə bu gün 52 milyon 695 min seçici 1394 yerli idarəetmə orqanları təmsilçiləri arasında seçim etmək üçün məntəqələrə gedəcək. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki , yay vaxtına keçidlə əlaqədar ölkənin bəzi bölgələrində səsvermə bir saat əvvəl başlayacaq. Bələdiyyə seçkiləri Bakı vaxtı ilə 19:00-da başa çatacaq və iki saat sonra Ali Seçki Qurumu ilkin nəticələri açıqlamağa başlayacaq. Ümumilikdə bələdiyyə seçkiləri ilə əlaqədar ölkə üzrə 194 300 məntəqə yaradılıb.

Ali Seçki Qurumunun verdiyi məlumata görə, yerli seçkilərdə Türkiyə daxilində 26 milyonu qadın olmaqla, 52 milyon 695 min 831 seçici iştirak edəcək.

Bu seçkilərdə barmaqlara boya vurulmasından imtina edilib. Səs vermədə iştirak etmək üçün "T.C" seriyalı şəxsiyyət vəsiqəsi, evlilik şəhadətnaməsi, hərbi bilet, sürücülük vəsiqəsi, vəkillik sənədi kimi şəxsiyyəti müəyyənləşdirən şəkilli sənədlərdən birinin olması kifayətdir.