Rusiya Ukraynaya müdaxilə etməyəcək
30 Mart 2014 12:03 (UTC+04:00)
Rusiya qoşunlarının Ukrayna sərhədində
cəmləşdirilməsi dünya dövlətlərində Putinin marağının Krımla
məhdudlaşmadığına dair qorxular yaradıb. Movqe.az ans press-ə
istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey
Lavrovun şənbə günü verdiyi açıqlama, bu şübhələri aradan qaldırıb.
Lavrov Rusiya və Amerika liderləri arasında Ukrayna böhranın
diplomatik çözümü ilə bağlı telefon söhbətindən sonra belə deyib:
"Moskvanın Ukraynaya qoşun göndərmək niyyəti
yoxdur".
Lavrov isə şənbə günü "Rossiya 1" telekanalına
müsahibəsində belə deyib: "Ukrayna sərhədini keçməyə nə marağımız,
nə də niyyətimiz var." Müsahibədən sonra Sergey Lavrovun ABŞ dövlət
katibi Con Kerri ilə telefonla söhbət etdiyi məlum
olub.
Amerikanın dəstəklədiyi plan Ukrayna sərhədində
hərbi qüvvənin cəmləşdirilməsinin dayandırılmasını və Krımdakı
Rusiya qoşunlarının geri çəkilməsini nəzərdə
tutur.
Amerikanın dövlət katibi Con Kerri ilə Sergey
Lavrov bu məsələni bazar günü Parisdə müzakirə
etməlidirlər.
Bu söhbətdən əvvəl isə Ukraynadakı böhrandan çıxış
yollarını Barack Obama ilə Vladimir Putin müzakirə edib. Amerika
rəsmilərinə əsasən söhbətin təşəbbüskarı Moskva
olub.
Ağ Ev bildirir ki, bir saatlıq telefon söhbətində
prezident Obama böhranın sovuşmasında diplomatik vasitələrin
dəstəklənildiyini vurğulayıb. Açıqlamaya əsasən Obama Rusiya
qoşunlarını geri çəkməyə və Ukrayna ərazi bütövlüyünün pozulmasına
yönələn əlavə addımlar atmamağa səsləyib.
Kreml bildirir ki, söhbət əsnasında Rusiya lideri
Obamanın diqqətini Kiyev və Ukraynanın digər bölgələrində
ekstremistlərin davam edən çıxışlarına yönəldib. Bundan əvvəl
Rusiya təhlükəsizlik rəsmisi Qərbin rəsmi Moskvanın təsirini
azaltmaq cəhdlərinə qarşı kəşfiyyat işləri artırıldığını
bildirmişdi.