TQDK rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib
30 Mart 2014 17:04 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
martın 30-da 2014/2015-ci tədris ili üçün Azərbaycan
Respublikasında baza ali tibb təhsili əsasında mütəxəssislər
hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının birinci
mərhələsini keçirib.
Movqe.az ans press-ə istinadən xəbər verir ki
,imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə
fevralın 11-dən 20-dək aparılmış və 1356 namizədin elektron ərizəsi
təsdiq edilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində
aparılmışdır. Bakı şəhərində imtahanlar üç binada - Azərbaycan Tibb
Universitetinin I və V tədris korpuslarında və Bakı Qızlar
Universitetində keçirilib. Saat 11-də başlayan imtahan 2 saat 30
dəqiqə müddətində aparılıb.
Birinci mərhələdə namizədlərin baza ali tibb
təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza
fənləri üzrə bilikləri yoxlanılır. Rezidentura səviyyəsinə qəbul
imtahanının ikinci mərhələsi iyulun 27-də keçiriləcək və bu
mərhələyə birinci mərhələdə ən azı 40 bal toplayan namizədlər
buraxılacaq.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan
balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün
namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan,
ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az
olmamalıdır.
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb
fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki
mərhələsi iyul ayında keçiriləcək.
İxtisas seçimi qəbul imtahanının nəticələri elan
edildikdən sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət
ərzində ali tibb təhsili bazasına uyğun ixtisasları seçib təsdiq
etməlidirlər.