Yol polisi paytaxtda reyd keçirib

19 İyun 2012 14:29 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ötən gecə reyd keçirilib. 

Qeyd edək ki, bu reydə səbəb isə sərnişin daşıyan taksi və avtobusların törətdiyi yol qəzalarıdır.

Keçirilən reydlər təsdiqləyib ki, özlərindən başqa sərnişinlərin həyatını risk qarşısında qoyan sürücülər çox vaxt sükan arxasında yuxulu və ya sərxoş olurlar. Son günlər ölkə ərazisində bir-birinin ardınca baş verən ağır yol nəqliyyat hadisələri də buna sübutdur.  

Ötən gecə Baş Dövlət Yol Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi reyd sürücü və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmişdir. Yol polisinin məlumatına görə, bədbəxt hadisələr daha çox Bakıdan Quba, Lənkəran və Hacıqabul istiqamətindəki avtomobil yollarında müşahidə olunur.

Hal-hazırda qəzaların qarşısını almaq üçün əsas avtomobil yollarında Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reydlər davam etdiriləcək.

Türkan Nadirqızı

Movqe.Az