Azərbaycanda rusları daşıyan avtomobil körpüdən aşdı
31 Mart 2014 00:05 (UTC+04:00)
Xaçmaz rayonunda Rusiya vətəndaşlarını daşıyan
avtomobil körpüdən aşıb. Hadisə Gəndob-Yalama yolunun 16-cı
kilometrliyində, Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş
verib.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
Bakıdan Rusiya istiqamətinə gedən "Ford Focus" markalı avtomobilin
sürücüsü Rusiya vətəndaşı Başxanov Əli Arbiyeviç idarəetməni itirib
və avtomobil Dağarcıq çayı üzərindəki körpüdən
aşıb.
Baş Dövlət Yol Polisinin müstəntiqi Elşən
Mürsəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nəticəsində
sürücü və 4 qadın xəsarət alıb. İlkin ehtimala görə, avtomobilin
aşmasına səbəb kimi yüksək sürət və bölgədə müşahidə olunan
qeyri-sabit hava şəraiti göstərilir.
Qeyd edək ki, Rusiya vətəndaşları Azərbaycana
ticarət məqsədi ilə gəliblərmiş.
Faktla bağlı araşdırma aparılır.