Səyyar "ASAN xidmət"i yeni marşrutları açıqladı

31 Mart 2014 11:00 (UTC+04:00)

Azərbaycan Prezidentinin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar aprelin 1-dən etibarən səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlayacaq. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorundan bildiriblər.


2014-cü ilin dekabr ayına qədər səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.


Səyyar "ASAN xidmət" vasitəsi ilə 2014-cü ilin aprel ayında aşağıdakı məntələrdə müvafiq rayonların sakinlərinə xidmət göstəriləcək:


1-10 aprel tarixində Qazax rayonunda Qazax, Ağstafa, Tovuz rayonlarının sakinlərinə;

1-12 aprel tarixində Xırdalan şəhərində Abşeron rayonun sakinlərinə;

14-23 aprel tarixində Ağstafa rayonunda Ağstafa, Qazax, Tovuz rayonlarının sakinlərinə;

16-25 aprel tarixində Hacıqabul rayonunda Hacıqabul rayonunun sakinlərinə;

27 aprel - 8 may tarixində Tovuz rayonunda Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinə;

29 aprel - 8 may tarixində Kürdəmir rayonunda Kürdəmir rayonun sakinlərinə.


Dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və müasir üsullarla təqdimatı, dövlət xidmətlərinin vətəndaşlar üçün əlçatanlığının təmin ediməsi, vətəndaş məmnunluğuna nail olunması səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədidir.