Elektron vergi ilə bağlı qaydalar dəyişdirildi

31 Mart 2014 12:25 (UTC+04:00)
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə qaydaları dəyişib. Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabineti "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Məlumatda bildirilir ki, indiyə qədər vergi ödəyiciləri onlara vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinə daxil olaraq elektron vergi hesab-fakturasını hazırlayıb, təsdiq edib və təqdim ediblər. Yeni dəyişikliklərə əsasən, satıcı elektron vergi hesab-fakturasını Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları"na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud "Elektron imza və elektron sənəd haqqında" gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olaraq hazırlayır. Elektron vergi hesab-fakturasının tərtib edilməsi, ləğv edilməsi, dəqiqləşdirilməsi, əvəzləşdirilən elektron vergi hesab-fakturaları barədə məlumatların sistemə daxil edilməsi üzrə əməliyyatların həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri hazırlanmış elektron vergi hesab-fakturasının təsdiq edilərək göndərilməsini həyata keçirə bilərlər. Elektron vergi hesab-fakturasının ödəniş sənədlərini təsdiq etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi İnternet Vergi İdarəsində yaradılmış "Səlahiyyətlərin idarə edilməsi" menyusundan istifadə edilməklə, gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir.