Abituriyentlərə imtahan xəbəri

31 Mart 2014 12:47 (UTC+04:00)

Sabahdan Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi"ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə edə bilərlər. Azərbaycanın ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirənlər, ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər, 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 1-dən 30-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər. Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 7-dən 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.Ərizə qəbulu ilə bağlı daha ətraflı məlumatlar 2 saylı "Abituriyent" jurnalında təqdim olunub. Jurnalı satışdan əldə etmək və ya abituriyent.az saytından sifariş etmək mümkündür.