Özəl sektor emal müəssisələrinin yaradılmasından hələ də uzaq qaçır

31 Mart 2014 15:51 (UTC+04:00)

Son illər ölkəmizdə kənd təsərrüfatı məhsullarının, xüsusən meyvə-tərəvəzin istehsalı artsa da, regionlarda onların emalı ilə məşğul olan müsəssisələrin azlığı bu sahədə müəyyən problemlər yaşanmasına gətirib çıxarır. Düzdür, son illərdə bu sahəyə xüsusi diqqət ayrılıb. Xüsusilə də dövlətin təşəbbüsü ilə yerlərdə emal müəssisələrinin yaradılması haqda çoxsaylı işlər görülüb. Lakin indiki şəraitdə yalnız dövlətin təşəbbüsü və yardımı ilə bölgələrdə emal müəsisələrinin açılması yetərli sayılmır. Bu sahədə özəl sektorun da aktiv iştirakına ciddi ehtiyac var. 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə,  özəl sektor emal müəssisələrinin açılışında maraqlı olmalıdır: "Emal müəssisələrinin açılışı üçün maliyyə mənbəyinə, investisiyaya ehtiyac var. Bunu isə yalnız banklar vasitəsilə kredit almaq yolu ilə əldə etmək olar. Bu gün emal müəssisələri yaratmaq üçün əldə olunan kreditlər baxmayaraq ki, bəziləri üçün əlçatandır, amma bu sahədə kifayət qədər çox problemlər var. Çox ciddi tələblər var. Vəsait alan mütləq girov qoymalıdır. Girov da tez satılan maliyyəyə çevrilən bir əmlak olmalıdır. Ümumiyyətlə, böyük həcmdə maliyyə vəsaitinə ehtiyac var. 

Son vaxtlar kənd təsərrüfatı məhsularının məhv olması ilə bağlı bir neçə hal yaşandı. Məsələn, Qubada və Xaçmazda, cənub rayonlarımızda qış mövsümü ilə əlaqədar meyvələri don vurdu. Əgər kifayət qədər emal müəssisəsi olsaydı, bu meyvələr tullantıya çevrilməzdi. Hər şeyin başında bu müəssisələrin azlığı durur". 

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Azər Mehtiyev isə bildirib ki, ölkədə emal müəssisələrinin sayca çoxalması vacibdir: "Qeyri-neft sektorunun inkişafı ilə bərabər kənd təsərrüfatının inkişafı da iqtisadiyyat üçün əsas sahələrdən biri kimi götürülübsə, eyni zamanda Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait mövcuddursa, niyə də kənd təsərrüfatı məhsulunun istehsalının çoxalması üçün bazarlar formalaşdırılmasın? Bu bazarların formalaşdırılması üçün isə, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrə ehtiyac var.  Ən əsas da regionlarda belə kiçik emal müəssisələrinə ehtiyac böyükdür. Sadəcə olaraq, problem ondan ibarətdir ki, Azərbaycanda bu istiqamətdə cəhdlər yalnız ayrı-ayrı qrupları tərəfindən həyata keçirilir. Onlar az sayda emal müəssisələri yaradırlar və özlərinin də həmin emal müəssisələrini xammalla təmin etmək üçün istehsal sahələri formalaşdırırlar. Bu da ona gətirib çıxarır ki, əslində, fermerlər istehsal etdikləri məhsulları sata bilmirlər. Ona görə də, bölgələrdə kiçik emal müəssisəlıri genişləndirilməlidir. Bunun üçün şərait olmalıdır. Təbii ki, vətəndaşlar, ya da sahibkarlar buna geniş şəkildə qoşula bilərlər. Sadəcə olaraq, bunun üçün dövlətin vergi güzəştlərinə getməsinə və yaxud da güzəştli kreditlərə ehtiyac var".