Topaz Premyer Liqası, 28-ci turdan məqamlar

31 Mart 2014 20:11 (UTC+04:00)

Topaz Premyer Liqasının 28-ci turunda "Qəbələ"ni məğlub edən "Qarabağ" bir neçə rekorda imza atıb. Movqe.az-ın məlumatına görə 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.


Mövsümün rekordu


Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. "Neftçi" (4:1), "Bakı" (4:0), "İnter" (3:0), "Sumqayıt" (3:0) və "Qəbələ"ni (3:0) məğlub edən "Qarabağ" mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda oldu.


Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası "Kəpəz"ə məxsusdur - 20 qələbə.


"Neftçi"nin 18 illik rekordu təkrarlandı


"Qarabağ"ın ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər yalnız "Neftçi" belə nailiyyətlə fərqlənmişdi.


Toxunulmazlıqda 3-cü


"Qarabağ"ın qapıçısı İbrahim Şehiç ardıcıl 4-cü matçda qapısından qol buraxmayıb. "Quru" seriyasını 367 dəqiqəyə çatdıran Şehiç mövsümün 3-cü göstəricisinə imza atıb.


"Quru" seriyaya əsasən, mövsümün rekordu isə Şehiçin komanda yoldaşı Fərhad Vəliyevə məxsusdur. Ardıcıl 5 quru oyun keçirən qolkiperin hesabında 554 dəqiqə var. Şehiç kimi 4 ardıcıl görüşdə qol buraxmayan Pavel Kapsa isə 505-də dayanıb.


1. Fərhad Vəliyev ("Qarabağ") – 554


2. Pavel Kapsa ("Simurq")– 505


3. İbrahim Şehiç ("Qarabağ") - 367


4. Kamran Ağayev ("Bakı") – 360


5-6. David Pietrzkeviç ("Qəbələ"), Pavel Kapsa ("Simurq") – 335