Xərçəngin əlamətləri

31 Mart 2014 20:28 (UTC+04:00)

Sağlamlıq Xərçəngdən qorunmaq və sağlam həyat tərzi üçün bədəndə meydana gələn ən xırda dəyişikliklərə belə önəm vermək lazımdır. Antalya Onkologiya Mərkəzinin rəhbəri professor Mustafa Özdoğan bu əlamətlərin əvvəlcə önəmsənilməsə də, bir necə həftə davam etməsi təqdirində mütləq həkimə müraciət edilməli olduğunu deyir. Bəs bu əlamətlər hansılardır?


Qarında şişkinlik

Əgər qarnınızda bir şişkinlik var və bu iki həftədən çox davam edirsə mütləq həkimə müraciət edin. Bu əlamət yumurtalıq xərçənginin ilkin, bəzən isə yeganə əlaməti ola bilər. Qarındakı şişkinlik ən yüksək ölüm riski olan bağırsaq xərçənginin də əlamətlərindən biri sayıla bilər.


Yeməkdən sonra həzm problemi

Az yeməkdən sonra belə toxluq hiss etmək yumurtalıq, mədəaltı vəz və ya mədə xərçənginin əlaməti ola bilər. Mədəaltı vəz xərçəngi ən çətin müalicə edilə bilən və mümkün olan ən erkən mərhələdə tapılması gərəkən bir xəstəlikdir. Bu xərçəng növünün ən çox rast gəlinən əlamətləri iştahın itirilməsi, çəkinin sürətlə azalması, gözlərin və ya dərinin saralması, solğunluq, sürüşkən nəcisdir.


Ayaqyoluna tez-tez getmək

Tez-tez tualetə getmək istəyinin olmasına baxmayaraq, sidikə çıxa bilməmək əksər hallarda sidik kisəsi xərçənginin əlaməti ola bilər. Bu xəstəlik adətən orta yaşı keçən kişilərdə müşahidə edilir. Bu zaman onlarda sidiyin rəngi sarı və tünd qırmızı olur. Bu əlamət yumurtalıq xərçəngi zamanı da müşahidə oluna bilər.


Süd vəzində hiss edilən şişkinlik

Süd vəzilərində əllə yoxladıqda hiss edilən şişkinlik bədənin bu hissəsində müşahidə edilən xərçəngin ən əsas əlamətlərindən biridir. Süd vəzisində şişkinlik, dəridə qızarıqlıq, rəng dəyişikliyi varsa mütləq həkim nəzarətindən keçməlisiniz.


Sürətlə arıqlama

Sürətlə çəkinin azalması xərçəngin xəbərçisi ola bilər. Səbəbi açıqlanmayan arıqlama əsasən mədə, mədəaltı vəz, ağciyər, böyrək xərçəngində müşahidə edilir. Bu zaman insan nə qədər yaxşı qidalansa da çəki azalır. Bununla yanaşı ürək bulanması, qusma və halsızlıq da müşahidə oluna bilər.


Səsin tutulması

Çox zaman səsin tutulması soyuqlama, qrip, allergiya kimi xəstəliklərin əlaməti hesab edilir. Amma bu hal uzun müddət davam edirsə diqqətli olun. Xüsusilə siqaret çəkən şəxslər. Bu zaman həkimə müraciət etmək qırtlaq və ağciyər xərçənglərinin erkən müəyyən edilməsinə kömək edə bilər.


Dırnaq üzərində cızıqlar

Ayaq və ya əl dırnaqlarında müşahidə edilən tünd rəngli cızıqlar ən çox insan itikisinə yol açan dəri xərçənginin əlaməti ola bilər. Bu əlaməti qulaqardına vurmaq lazım deyil. Bundan əlavə xroniki yaralar, yara izləri, bəzi rəngi və ya forması dəyişik olan xallar belə xərçəngin erkən müəyyən edilməsində böyük rol oynayır.