Pakistanın “Diplomatic Star” jurnalında “31 mart – Azərbaycanlıların soyqırımı günü” adlı məqalə dərc edilib

31 Mart 2014 20:40 (UTC+04:00)

Pakistanda urdu dilində nəşr olunan "Diplomatic Star" jurnalında "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" adlı məqalə dərc edilmişdir. Məqalədə Azərbaycanın tarixi haqqında məlumat verilir, Gülüstan və Türkmənçay müqavilələri imzalandıqdan dərhal sonra ölkənin tarixi torpaqlarına on minlərlə erməninin köçürüldüyü qeyd edilir. Müəllif 1918-ci ildən erməni millətçilərinin bolşeviklərlə birgə azərbaycanlılara qarşı kütləvi soyqırımı siyasətini həyata keçirdiklərini, nəticədə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran və digər şəhərlərində on minlərlə günahsız insanın qəddarcasına öldürüldüyünü, həmin ərazilərdə yüzlərlə kəndin yer üzündən silindiyini diqqətə çatdırır. İndiki Ermənistanın Azərbaycanın tarixi torpaqlarında yaradıldığı, buna baxmayaraq erməni millətçilərinin hazırda da qonşu Azərbaycana qarşı torpaq iddialarından əl çəkmədikləri vurğulanır. Məqalədə qeyd edilir ki, İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ hökumətinin qərarı ilə Yaxın Şərq və bəzi Avropa ölkələrindən Ermənistana yüz minlərlə erməni köçürülmüşdür. Həmin köçkünlərin yerləşdirilməsində çətinliklərin olması bəhanəsi ilə Ermənistan rəhbərliyi 1947-ci ildə on minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından Azərbaycanın aran rayonlarına köçürülməsinə nail olmuşdur. 1980-ci illərin sonunda keçmiş SSRİ–də başlayan islahatlardan sui-istifadə edən ermənilər sınaqdan çıxmış ssenarilərini yenidən işə salmış, Azərbaycana qarşı torpaq iddiaları irəli sürmüşlər. 250 mindən çox azərbaycanlı mənəvi və fiziki təzyiqlər nəticəsində Ermənistandan didərgin salınmış və ermənilər ölkəni monoetnik respublikaya çevirmək planına nail olmuşlar. Bununla da kifayətlənməyən ermənilər öz havadarlarının dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qarşı ərazi iddiaları irəli sürmüş və ölkəyə qarşı hərbi əməliyyatlara başlamışlar. Ermənistanın apardığı işğalçı siyasət nəticəsində Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla Azərbaycan ərazisinin 20 faizi işğala məruz qalmış, 30 min insanın həyatına son qoyulmuş, bir milyondan artıq azərbaycanlı isə məcburi köçkünə çevrilmişdir. Məqalədə Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən etnik təmizləmə və soyqırımı siyasətinin həyata keçirildiyi bildirilir, Xocalıda mülki əhaliyə qarşı edilən qəddarlıq, yüzlərlə uşaq, qadın və qocanın xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumat verilir. Müəllif Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunduğunu oxucuların diqqətinə çatdırır.

Qeyd edilir ki, erməni şovinistləri əsrlər boyu öz məkrli niyyətlərinə çatmaq üçün hər cür vasitəyə əl atmış, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törətmişlər. Bu cinayətləri ört-basdır etmək üçün ermənilər özlərini məzlum və yazıq xalq kimi təqdim edir, qondarma "erməni soyqırımı" iddialarını irəli sürürlər.