Prezident Gədəbəyə 6,7 milyon manat ayırdı

31 Mart 2014 21:42 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonunun Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Movqe.az-ın məlumatına görə, sərəncamda deyilir ki, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.