Bakı və Moskvanın qaz rəqabəti kəskinləşəcək

1 Aprel 2014 22:10 (UTC+04:00)

Krım böhranına görə Rusiya və Qərb arasında davam edən fikir ayrılığı getdikcə dərinləşməkdə, tərəflər arasında ziddiyyət böyüməkdədir. Bu şəraitdə Qərb Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların miqyasını genişləndirməkdədir. Eyni zamanda, Qərbin diqqət mərkəzində yer alan əsas məsələlərdən biri həmişəki kimi Rusiyadan olan enerji asılılığından xilas olmaqdır.

O da məlumdur ki, Qərb Rusiyaya alternativ qismində hazırda Azərbaycana çox böyük ümidlər bağlayır. Avropa Komissiyasının prezidenti Joze Manuel Barozzo Rusiyadan asılılığı azaltmağın yollarından biri kimi Azərbaycanın adını çəkdi. Hətta, bəzi Azərbaycan rəsmiləri "Şahdəniz" qazını az qala Avropanın xilası kimi təqdim edirlər. Ekspertlər hesab edir ki, Rusiyanın destruktiv addımlarının qarşılığında Qərbin alternativ kimi Azərbaycana yönəlməsi rəsmi Bakı üçün siyasi dividenddir. Amma məsələ burasındadır ki, bu gün Avropanın mavi yanacağa olan tələbatının 40 faizini Rusiya təmin edir. Azərbaycan qazının Avropa bazarında payı isə cəmi 2 faizdir. Bununla belə, Azərbaycan qazını illik ehtiyacı 545 milyard kubmetr olan Avropa üçün əhəmiyyətli edən faktorlar var. Belə ki, Azərbaycan getdikcə daha böyük həcmdə qazı Avropa bazaralarına çıxara bilər. Üstəlik Orta Asiya ölkələrinin qazının da Avropaya çatdırılmasında əsas tranzit məkan kimi çıxş edə biləcək ölkələrdən biri məhz Azərbaycandır.

Bu vəziyyət isə Moskvanı narahat edir və Kreml də cavab tədbirləri görməyə hazırlaşır. Məsələn, məlumdur ki, Rusiyanın enerji nəhəngi "Qazprom" Azərbaycanın "Şahdəniz" layihəsi kimi rəqibləri ilə mübarizə üçün Avropa bazarında qiymətlərin endirməyi nəzərdə tutur. Bu barədə "Bloomberg" agentliyinin məlumatına görə 2015-ci ildə Norveçdən Avropaya qaz idxalının həcmi dəyişməsə də Əlcəzairdən alınan qazın həcmi azalır. İlkin hesablamalara görə, gələn il Avropa Birliyində yanacağa tələbatda da artım olmayacaq. Məlumatda qeyd edildiyinə görə, Rusiya Avropa bazarına daxil olmağı planlaşdıran rəqibi təchizatçılarla mübarizə üçün qiymətləri aşağı sala, beləliklə də bazarda mövcud olan aşağı qiymət alternativ layihələrə marağı azalda bilər. O da vurğulanır ki, 2010-cu ildə "Qazprom"un Avropa bazarlarındakı payı 22 faiz idisə, şirkət 2016-2018-ci illərdə bu payını 29 faizə qaldırmağı nəzərdə tutur. Lakin Avropanın Azərbaycan qazına meyllənməsi, ABŞ-ın Avropaya qaz satmaq niyyəti Rusiya şirkətinin planlarını poza bilər. Xatırladaq ki, Birləşmiş Ştatlar Avropanın yanacağa olan tələbatını ödəməyə hazır olduğunu açıqlayıb. Prezident Barak Obama Rusiyaya sanksiyaların tətbiqi fonunda bununla bağlı bildirib: "Biz başa düşürük ki, sanksiyaların tətbiqi ayrı-ayrı ölkələrə, o cümlədən Avropa Birliyi üzvlərinə müxtəlif cür təsir edəcək. Onların bəziləri Rusiya qazından daha çox asılıdır. Və biz bunu nəzərə alırıq. Biz, elə indi Avropa ölkələrinə ehtiyacları olan qədər təbii qazı birbaşa nəql edə bilərik". Obamanın bəhs etdiyi şist yataqlarından hasil olunmuş sıxılmış qazdır. Hesab olunur ki, Obamanın bəhs etdiyi bu nəql 2016-cı ildən tez mümkün deyil. Hətta, ABŞ-dakı bütün sıxılmış qaz zavodları tam gücü ilə işləsə, hər şey yolunda olsa, yalnız 2020-ci ildə hasilat 30 milyard kubmetrə çatar. Bu isə Avropanın indiki ehtiyacının yalnız on səkkizdə birini ödməyə kifayət edir. Ekspertlər də bildirirlər ki, Rusiyanın Avropa bazarlarından sıxışdırılması o qədər də asan proses olmayacaq. Belə ki, bu gün Rusiyanın Avropada oturuşmuş bazarı və fəaliyyətdə olan qaz kəmərləri var. Təkcə ötən il "Qazprom" Mərkəzi və Qərbi Avropaya 161 milyard kub metr qaz ixrac edib. Üstəlik, Avropanın qaza olan tələbatının ən azı 2 dəfə artması proqnozalşıdırılır. Qərb buna nail olacağı təqdirdə Rusiyanın atacağı addımlara gəlincə, ekspretlər Moskva üçün sərfəli tərəfdaş kimi daha çox Çinin üzərində dayanırlar. Lakin bu, ən azı 10 il və 50 milyard dollar dəyərində maliyyə tələb edən prosesdir. Ekspertlər onu da bildirirlər ki, Avropanın qaz bazarında baş verəcək dəyişikliklər dünya bazarında mavi yanacağın qiymətinə təsir etməyəcək. Amma bu, Rusiyanın siyasi və iqitsadi nüfzunun xeyli zəifləməsilə nəticələnəcək. Digər tərəfdən aydındır ki, Rusiya qazından xilas olmaq istəyən Avropanı indiki şəraitdə üz tuta biləcəyi ölkə məhz Azərbaycandır. Elə buna görə də Avropa Azərbaycanla enerji sahəsində işbirliyini intensivləşdirir.