Son günlər ölkədə havanın temperaturunda kəskin dəyişikliklər müşahidə olunur. Vaxtsız kəskin istilərin hökm sürdüyü bir vaxtda qəfil külək əsir, yağış yağır, havalar soyumağa başlayır. Təbiətin gözlənilməz şıltaqlığından cana doyan vətəndaşların səhhətində müxtəlif problemlər yaranır. Günvurma və istidən əziyyət çəkənlər bir neçə saatdan sonra soyuqdəymədən şikayət edirlər.
Ekspertlər hesab edirlər ki, temperaturun qəfil dəyişməsi, ilk növbədə, canlı orqanizmə mənfi təsir göstərir.
"Ekoenergetika" Akademiyasının prezidenti Fəqan Əliyevin sözlərinə görə qlobal iqlim dəyişmələri bu gün alimlərin öyrənməli olduğu əsas problemlərdəndi: "İqlim dəyişmələri nədir, nədən qaynaqlanır və onun hansı fəsadları var. Azərbaycanda havaların belə dəyişkən olmasına qlobal iqlim dəyişmələrinin tərkib hissəsi kimi də baxmaq olar. İqlim dəyişmələrinin yüzlərlə əlamətləri var. Minilliklərə, əsrlərə, illərə, mövsümə, ay və günlərə görə, iqlim dəyişmələri mövcuddur. Hazırda Azərbaycanda müşahidə olunan iqlim dəyişməsi aylar üzrədir. Yəni iyun ayında kəskin istilərin hökm sürməsi fonunda birdən-birə havalar soyuyur. Əslində havalar soyumur. Temperatur normaldır. Havaların kəskin qızması anormal idi. Biz bunu nəzərə almalıydıq".
F.Əliyev hesab edir ki, bu cür iqlim dəyişikliyi bütün canlıların orqanizminə mənfi təsir göstərir: "Bu arada onu bildirim ki, son günlər ölkə ərazisində şüalanma artır. Bəzi məlumatlara görə, guya şüalanma Qəbələ RLS tərəfindən edilir. Onun icarə müddətinin uzadılmasına dair Rusiya və Azərbaycan arasında aparılan danışıqlar birinci tərəfin maraqlarına cavab vermədiyi üçün RLS-dən təhlükəli şüalar ətrafa buraxıla bilər. Əgər belə bir şey varsa, bu çox təhlükəli təhdiddir və beynəlxalq səviyyəli cinayətdir".
Ekspertin sözlərinə görə, Azərbaycanda hökm sürən indiki hava şəraiti normativlərə cavab vermir: "Canlıların sağlam böyüməsi, yaşaması üçün nəzərdə tutulan temperatur 17-35 dərəcə arasında dəyişir. Azərbaycan təbiətində 17-35 dərəcə arasında temperatur çox qısa müddətində olur. Bu üzdən bizdə canlı orqanizm qocalmaya, məhv olmağa meyllidi. İqlim şəraiti il ərzində torpaqdan bir neçə dəfə məhsul götürməyə imkan vermir, heyvandarlığın inkişafının qarşını alır. Havaların kəskin isti keçməsi insanlarda infarkt riskini artırır, fizioloji narahatlıqlar yaradır. Təkcə kəskin istilər deyil, kəskin soyuq, külək, rütubət və s. iqlim komponentləri zərərli sayılır".
Tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, havaların qəfil istiləşib-soyuması qlobal iqlim dəyişikliyindən asılı olmayaraq canlı orqanizmə mənfi təsir göstərir: "Gün ərzində baş verən temperatur anomaliyaları, ilk növbədə, ürək-damar sistemindən əziyyət çəkənlər üçün arzuolunmaz sayılır. Son günlər ürək-davam sistemindən əziyyət çəkənlərin həkimlərə müraciətlərinin sayında artım var. Şəxsən mənə onlarla adam müraciət edib ki, nəfəs ala bilmirlər, ürək ağrıları artıb. Bu birbaşa iqlim dəyişmələrilə bağlıdır".
Ekspert onu da bildirdi ki, bu arada vətəndaşlar öz sağlamlıqlarının qeydinə qalmalıdırlar: "Kəskin isti havada çox soyuq maye qəbul etmək və saatlarla kondisonerli otaqda olmaq xəstəlik yaradır. Ostraxandrozun yaranma səbəblərindən başlıcası məhz isti havada həddindən artıq sərinliyə meyl etməkdi. Bacarmaq lazımdır ki, təbiətlə harmoniyada olasan. Özünü təbiətin bir hissəsi kimi aparasan. Bu zaman iqlim dəyişmələrinin də orqanizmə fəsadları az olar".