Ölkəmizlə Monteneqro arasında əməkdaşlıq genişlənir

1 Aprel 2014 17:26 (UTC+04:00)

Son bir neçə il ərzində bu füsunkar Avropa  ölkəsi keçmiş Yuqoslaviyanın bir parçası olan Monteneqro haqqında kütləvi informasiya vasitələrində daha çox məlumat əldə edirik. Adriatik dənizinin sahillərində yerləşən bu kiçik ölkə bura hətta bir günlük gələn qonaqları belə valeh edir. Buranı ziyarət edən insanlar bir daha nə zamansa yenidən geri dönmək istəyirlər. Heç də təəccüblü olmayan fakt odur ki, Monteneqronun turizm sənayesi özünəməxsus dinamika ilə inkişaf edir və dünyanın 10 ən inkişaf etmiş istiqamətinə daxil edilmişdir. Keçən il Azərbaycan və Monteneqro əlaqələri tarixində ilk dəfə olaraq Bakıdan Podqoriçaya çarter turizm səfərləri təşkil olunmuşdur. Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəlişin tətbiq olunması iki ölkə arasında əlaqələrin yüksək olmasından xəbər verir. Bu əlaqələr ildən-ilə artan xətlə inkişaf mərhələsindədir.

   Məlum olduğu kimi martın 4-də Azərbaycan Respublikası nümayəndə heyətinin iqdisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi altında Monteneqroya rəsmi səfəri olmuşdur. 5 mart tarixində Monteneqronun paytaxtı Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev öz nümayəndə heyəti ilə və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariçin rəhbərliyi altında Monteneqro dövlət nümayəndə heyətlərinin görüşləri olmuşdur. Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Vüqar Əliyev heyətlə birgə müvafiq tədbirlərdə iştirak etmişdir.

   İclasda Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının yekunlarına dair protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalamışlar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, ətraf mühitin mühafizəsi, təhsil, rabitə, bankçılıq və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

   Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Monteneqro İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə qida sənayesi, kənd təsərrüfatı, tikinti, energetika, turizm, İKT və s. sahələrdə 30-a yaxın Azərbaycan şirkəti, ümumilikdə hər iki tərəfdən 100-ə yaxın iş adamı iştirak etmişdir.

Monteneqro İqtisadiyyat Palatasının nümayəndəsi ölkəsinin iqtisadi potensialı və investisiya mühitinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Monteneqronun bir sıra şirkətlərinin nümayəndələri isə təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış etmişlər.

Sonra Monteneqro İqtisadiyyat Palatası və Monteneqronun İnvestisiyaların Təşviqi Agentliyi (MİPA) ilə AZPROMO arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə yekunlaşmışdır.

Səfər çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Monteneqronun Prezidenti Filip Vuyanoviç tərəfindən qəbul edilmişdir. Azərbaycan nümayəndə heyəti Monteneqronun Baş naziri Milo Cukanoviç, Monteneqro Parlamentinin sədri Ranko Krivokapiç, iqtisadiyyat naziri Vladimir Kavariç, Maliyyə naziri Radoye Juqiçlə də görüşmüşdür. Görüşlərdə Azərbaycan və Monteneqro arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

Səfər zamanı İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Kumbor şəhərində Monteneqronun Baş naziri Milo Cukanoviç ilə birlikdə "Portonovi" turizm layihəsinin icrasına başlanması mərasimində iştirak etmişdir.

   Həmin gün axşam Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik nümayəndəliyi tərəfindən, Azərbaycandan gələn heyətə və Monteneqro tərəfindən bir çox dövlət rəsmilərinin iştirakı ilə axşam ziyafəti verilmişdir.

Azərbaycan nümayəndə heyəti həmçinin, "Kral Parkı"nda görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin büstünü ziyarət edərək, önünə tər çiçək dəstələri düzmüşlər.

   Çox fərəhli haldır ki, son illər  Azərbaycan şirkətləri Monteneqronun iqtisadi, mədəni, turizm həyatında çox önəmli bir mövqe tutmaqdadır. Ölkələr arasında mal dövriyyəsi ilbəil artır. Azərbaycan sahibkarları bu ölkənin biznes həyatında önəmli yatırımlar həyata keçirir.

   Kəçən il Monteneqro dövlətinin Azərbaycan Respublikasında Fəxri Konsulluğunun təntənəli açılışı oldu. Hər keçən gün Konsulluq iki ölkə arasında olan münasibətlərin inkişafına öz töhvəsini verməkdədir.  Buna bariz örnəklərdən biri ilk dəfə olaraq, məhz Azərbaycanda Monteneqro yatırımçılarının şirkət açmaq imkanına nail olmalarıdır. Yeni yaradılan Herceg Novina "CAPİTA" LTD şirkətinin əsas fəaliyyət istiqaməti daşınmaz əmlak, konsaltinq və investisiya layihələrinin həyata keçirilməsindən ibarətdir.

   "CAPITA" LTD, şirkətinin təsisçisi olan cənab  Nenad Vitomirovicin ciddi və əzmkar səyləri ilə araya-ərsəyə gələn bu şirkət Azərbaycanda qeyri-neft sektorunun inkişafını çox yüksək qiymətləndirir və Azərbaycanın parlaq gələcəyinə inandığını bidirir. Məqsədi iki ölkə arasında iqtisadi  əlaqələrində öncül mövqelərdən birini tutmaq, iki ölkə arasında biznes imkanlarını araşdırmaq, idxal-ixrac əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirəcək şirkətlərə dəstək vermək, bir sıra konsaltinq xidmətləri həyata keçirməkdən ibarətdir. Məlumat üçün onu da qeyd edək ki,  . "CAPITA" LTD Avropada tanınmış nüfuzlu şirkətlərdən biridir. Azərbaycan da bu şirkətin təmsilçiliyinin açılması fərəhli haldır.

   Eyni zamanda  Fəxri konsulluğun dəstəyi ilə Azərbaycan və Monteneqro Turizm şirkətləri arasında növbəti çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır. Uçuşları Azərbaycan Hava Yolları həyata keçirəcəkdir. Uçuşlar 26 iyun 2014-cü ildən etibarən həftədə bir dəfə reallaşdırılacaq. Layihəyə dəstək verdiyinə görə AHY rəhbərliyinə dərin təşəkkürlərimizi bildiririk.