46 mindən çox Bakı sakinində xəstəlik aşkarlanıb-Özəl

1 Aprel 2014 17:30 (UTC+04:00)

Paytaxtda əhalinin dispanserizasiyası ilə bağlı keçirilən tədbirlər zamanı tibbi müayinədən keçən 546 min 434 nəfərdən 46 min 499 nəfərində xəstəlik aşkarlanıb. Bu məlumatı Movqe.az-a açıqlamasında Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev verib. R. Nağıyev bildirib ki, dispanser qeydiyyata 10 min 778 nəfər götürülüb. 2 min 68 nəfər paytaxt sakini isə xəstəxanaya yerləşdirilib. R. Nağıyev paytaxt sakinlərində aşkarlanan xəstəliklərin əsasən əsəb-sinir sistemi, həzm mədə-bağırsaq,  göz, tənəffüs yolları xəstəlikləri olduğunu söyləyib: "Paytaxtda qeydiyyatda olan 2 milyon 300 min əhalinin 1 milyon 567-i böyük, yəni yaşı 18-dən yuxarı olanlardır. Onlardan hələki 546 min 434 nəfəri dispanserizasiya çərçivəsində tibbi müayinədən keçib. 169 min 161 nəfər əlavə müayinələrə cəlb olunub. Amma dispanserizasiya tədbirləri may ayınadək davam edəcək. Paytaxtda yaşayan əhali arasında dispanserizasiyada iştiraka xüsusi fəallıq nümayiş olunur. Bakı sakinləri tibbi müayindən keçərək sağlamlıqları barədə məlumatlandırılırlar. Eyni zamanda məsləhət alırlar. Bakıda əhalinin dispanserizasiyası yüksək səviyyədə təşkil olunub. Çalışırıq ki, müayinəyə gələn bütün paytatx sakinləri lazımi müayinələrdən keçərək ehtiyac olarsa müalicəyə cəlb olunsunlar".

 R. Nağıyev dispanserizasiya tədbirləri zamanı aparılan müalicə nəticəsində 1500 nəfərin sağlamlığına qovuşduğunu, sağaldığını söyləyib.