Bakıda böyük zəlzələ müəmması

19 İyun 2012 15:15 (UTC+04:00)

Məlumat verildiyi kimi ABŞ-ın  Massaçuset Texnologiya İnstitutunun (ABŞ) mütəxəssisləri Azərbaycan Elmlər Akademiyasından olan həmkarları ilə birlikdə ölkənin Xəzər sahili ərazisində tektonik fəallıqla bağlı araşdırma aparıblar. Onların gəldikləri nəticəyə görə, Bakı güclü zəlzələdən ziyan çəkə bilər. Bu barədə MDB-nin "Mir" televiziyası, o cümlədən çoxsaylı digər media vasitələri məlumat yayıb.

Ekspertlərə görə, bu, demək olar ki, 1859-cu ildə baş vermiş güclü zəlzələnin təkrarı ola bilər. O zaman Şamaxı şəhəri tamamilə dağılmışdı. Sonra ölkənin əsas şəhəri Bakı oldu, Azərbaycan iqtisadiyyatı Abşeron neftinin işlənməsinin hesabına artdı. İndi həmin hipotetik zərbəyə Bakı məruz qala bilər. Mütəxəssislər deyirlər ki, əgər kataklizm baş verərsə, paytaxtın yerləşdiyi Xəzər sahilini əhatə edəcək.

Bakı yaxınlığında tektonik deformasiyanı ölçmək üçün GPS göstəricilərdən istifadə olunub, onlar hər 30 saniyədən bir siqnal ötürür. 10 il ərzində alimlər hər gün siqnalların hərəkətini izləyiblər. Onlar göstərib ki, Xəzər dənizinin altındakı tektonik plitələr ildə 12 millimetr sürətlə yaxınlaşır ki, bu da orta hesabla iki dəfə çoxdur. Mütəxəssislər etiraf edirlər ki, aparılan araşdırmaların miqyasına baxmayaraq, regionda zəlzələnin mümkünlüyünü dəqiq söyləməyə imkan verən monitorinq stansiyası çatışmır. Bundan əlavə, təbii kataklizmlərdən müdafiə sistemini - neft kəmərlərini, neft hasilat stansiyalarını möhkəmləndirmək, həmçinin yaşayış və inzibati binaların tikintisində innovasiyalar tətbiq etmək lazımdır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Seysmologiya və Geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov isə APA Agentliyinə bildirib ki, elmi tədqiqatların nəticəsinə əsasən, Azərbaycanda bir neçə yerdə hazırda gərginlik toplanılması gedir: "Bu gərginlik toplanılması o deməkdir ki, yaxın 10 ildə və ya daha artıq müddətdə burada enerjinin toplanılması kritik həddə çata bilər. Belə bölgələrdən biri Zaqatala-Şəki zonası idi. Burada hadisələr gözlədiyimiz şəkildə davam etdi. İkinci yer isə məqalədə də göstərildiyi kimi Abşeronun cənubudur.

Abşeronun cənubunda enerji toplanılması müşahidə olunur. Amma burada dəhşətli hadisə olacağından söhbət getmir. Sadəcə olaraq, evlərin tikilməsi, boru xətlərinin salınması zamanı deformasiyanın qarşısını almaq üçün aidiyyəti instansiyalara informasiya vermək xarakteri daşıyır.  "Journal of Natural Hazards"da bizim bu tədqiqatlarımızın nəticələri əks olunub. Həmin tədqiqatlar Massaçusets Texnologiya İnstitutunun saytında da yerləşdirilib. KİV-lər isə bu məlumatlardan bildikləri kimi istifadə edir. Bu məlumatlar çox vaxt düzgün anlaşılmır, insanları çaşdırmağa yönəlir. Biz sadəcə olaraq, orada qeyd etmişik ki, horizontal hərəkətlər deformasiya proseslərini gücləndirib və enerji toplanılır. Bu deformasiya prosesləri Bakı-Tiflis-Ceyhan xəttinə də təsir edə bilər. Bu işin davamı kimi BP şirkətinin maliyyə dəstəyi ilə Geologiya İnstitutu bu deformasiyaların BTC-nin Azərbaycan hissəsinə təsirini öyrənir. Orada da müəyyən yerlərdə enerji toplandığını görürük və lazımi şəkildə xəbərdarlıq edirik. Çox təəssüf edirəm ki, bizim elmi cəhətdən apardığımız tədqiqat bu şəkildə çatdırılır".

Qeyd edək ki, Bakıda axırıncı dəfə güclü zəlzələ 2000-ci ildə baş vermişdi. Həmin vaxt zəlzələ Rixter şkalası üzrə 6,7 bal gücündə olmuşdu. Bu zaman bəzi köhnə tikililərə müəyyən qədər zərər də dəymişdi. İndi isə amerikalı alimlərin gəldiyi nəticəyə görə, Azərbaycanın paytaxtında güclü zəlzələ gözlənilə bilər. Görəsən, bu nə dərəcədə realdır?

Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyası Seysmoloji xidmət mərkəzinin Şöbə müdiri Tahir Məmmədli qeyd etdi ki, Bakıda 8 bal gücündə zəlzələ gözlənilə bilər. Amma vaxtını demək müımkün deyil: "Öncə qeyd edim ki, Amerikanın Massaçuset  Universitetinin alimlərinin gəldiyi nəticəni araşdırıb baxanda çaşdıqlarını görmək olar. Belə ki, universitet alimləri bir tərəfdən Bakıda zəlzələnin yaxın gələcəkdə, digər tərəfdən də 10 il və yaxud ondan artıq müddətdən sonra baş verəcəyini iddia edirlər. Bundan artıq bir söz demirlər. Amerika olub-olmamasından asılı olmayaraq, həm də söz demək iqtidarında da deyillər. Çünki dəqiq proqnoz vermək olmaz. Bütün bunlara görə bildirirəm ki, Massaçuset Universiteti alimlərinin Bakıda güclü zəlzələ ola biləcəyilə bağlı dediklərində heç bir əsas yoxdur".

O deyir ki, 2008-ci ildə həmin mütəxəssislər 3 ay ərzində Bakıda zəlzələ olacağını açıqlamışdılar, amma gözlənilənlər özünü doğrultmadı: "Seysmik təhlükə Qobustanda 10 bal olsun, orda heç bir risk yoxdur. Çünki heç kim ölməyəcək, nə də bina aşmayacaq. Bina yoxdur axı. Bakı şəhərində seysmik risk böyükdür. Hətta rayonları bölmüşük - Səbaildə daha böyükdür, Nəsimidə daha azdır, Xətaidə ondan da azdır. Bunları biz etmişik. Amerika alimləri nəyi ortaya çıxarıblar? Hansı yenilikdir ki bu? Mətbuata buraxıblar, camaatı panikaya salıblar. Bu, düzgün deyil. Mən şəxsən düşünürəm ki, savadsız və məsuliyyətsiz çıxışdır".

Tahir Məmmədli deyir ki, Bakıda və Abşeronda güclü zəlzələ ocağı yoxdur, bu əraziyə seysmik təhlükəni Xəzər dənizində olan ocaqlar yaradır. O əlavə edir ki, Bakıda gözlənilən zəlzələ gücü zaman-zaman dəyişdiyi üçün binaların davamlılığı da fərqlidir: "Dəfələrlə elektron KİV-lərdə çıxışılarımızda, elmi məqalələrdə bildirmişik ki, Bakı şəhərində Rixter cədvəli üzrə 8 bal gücündə zəlzələ ola bilər. Gələcəkdə Bakı şəhərində 8 bal gücündə zəlzələnin olması ehtimalı təsdiqlənib. Şamaxı və İsmayıllı zonasında isə 9 ballıq zəlzələ gözlənilir. Bunu üç ildir ki, deyirik. Amma vaxtını bilmirik, bu gün, yoxsa bir əsr sonra olacaq. Bunu hələ dünyada heç kim deyə bilmir".