Son illər qida rasionumuza çoxlu sayda xarici mənşəli yeməklər daxil olub. Xüsusən ictimai iaşə obyektlərində belə qidalara üstünlük verilir. Əhali bu tip qidalara daha çox maraq göstərdiyindən, təklif də bu şəkildə formalaşır. Bəs bilirikmi ki, xarici mənşəli qidalar orqanizmə nə dərəcədə faydalıdır? Digər tərəfdən belə iddialar da səslənir ki, artmaqda olan müəyyən xəstəliklərin, xüsusən də piylənmənin və s. yaranmasında bəzi növ xarici mənşəli qidaların rolu az deyil.
Həkim ekspert Adil Qeybulla Movqe.az-a
məsələ ilə mağlı münasibət bildirib. O hesab edir ki, ölkəyə daxil
olan qidaların yoxlanması üçün dövlət reyestr xidməti
yaradılmalıdır: " Burda bir neçə məsələni araşdırmaq lazımdır.
Birincisi, elə məhsullar var ki, xaricdən konserv olunaraq
gətirilir. Bunlar müəyyən müddət üçün hazırlanmış məhsullar
olduğundan tərkibinə müxtəlif qida əlavələri artırılır. Bunlar
qidanın saxlanmasına, müəyyən formada qalmasına təsir edir. Dünyada
qəbul olunmuş standartlara görə həmin əlavələr məhsulun üzərində
göstərilməlidir. İkinci tip qidalar isə genetik modifikasiya
olunmuş ərzaqlardır ki, onlar bu gün geniş şəkildə istifadə olunur.
Genetik modifikasiya olunmuş ərzaqların orqanizmə mənfi təsir
edib-etməməsi məsələsi müzakirə mövzusudur və hələ ki araşdırılır.
Amma xaricdən gətirilən konservləşdirilmiş ərzaqların əksəriyyəti
artıq Rusiyada qadağan olunub. Mən təklif edirəm ki, Azərbaycanda
istifadəsinə icazə verilən ərzaq məhsullarının reyestri olsun.
Həmin reyestrdə təsdiq olunmayan ərzaqların Azərbaycan ərazisinə
idxalına icazə verilməməlidir. Reyestr tərəfindən onlara ərzaq
təhlükəsizliyi haqda lisenziya verilməlidir".
Azad İstehlakçılar Birliyinin sədri
Eyyub Hüseynov isə hesab edir ki, xarici mənşəli qidalar orqanizm
üçün müəyyən fəsadlar törədə bilər: "Çinlilər deyirlər ki,
xəstəliyini boşqabında axtar. Böyük Hippokrat da deyib ki, biz nə
yeyiriksə, oyuq. Azad İstehlakçılar Birliyi isə deyir ki, yeməyin
dərmanın, dərmanın isə yeməyindir.
Həqiqətən də bizim sağlamlığımızda qidanın müstəsna rolu var. Bu, təkzibolunmaz bir məsələdir. Dünyada qidalanma mədəniyyəti hələ lazımi səviyyədə inkişaf etməyib. Eləcə də Azərbaycanda. Bütün dövrlərdə uzunömürlülər əsasən düzgün qidalanan insanlar olub. Azərbaycanda bu sahədə vəziyyət çox təəssüflər olsun ki, pisdir.
Bu yaxınlarda İranda Azərbaycan xəstələri üçün ayrıca struktur yaradılıbdır. Bakı-Tehran avtobus xətləri yaradılıb ki, xəstələri düz azərbaycanlılar üçün yaradılan mehmanxananın yanına aparır və peşəkar həkimlərin həmin mehmanxana ilə əlaqələri var. Azərbaycanlı xəstələr üçün ayrıca infastrukturun yaradılması ora üz tutan azərbaycanlıların çoxluğundan xəbər verir. Bu da onu göstərir ki, bu sahədə vəziyyət doğurdan da ağırdır. Və üstəlik bu gün ölkədə insanların kimyalaşması prosesi gedir. Son zamanlar ölkədə apteklərin çoxluğu, özəl klinikaların böyük reklam kampaniyaları və s. bunlar hamısı qidalanmanın pis vəziyyətdə olduğunu göstərir. Təəssüf ki, burda xarici mənşəli qidaların müəyyən qədər rolu var".
AİB sədri vətəndaşlara yerli qidalara üstünlük verməyi, malları alarkən sertifikat tələb etməyi məsələhət görür: "Bizdə olan məlumatlara görə, ölmüş heyvanların əti mütəşəkkil şəkildə Bakıya daşınaraq restoranlara, şadlıq evlərinə verilir. Bunlar hamısı qidalanmada müəyyən qədər rol oynayır. Nəticədə son zamanlar xəstəliklərin çoxalmasında xarici qidaların da mənfi rolu şübhəsiz ki, yox deyil. Biz vətəndaşlara yerli mallara daha çox üstünlük vermələrini məsləhət görürük. İstehlakçılar malları alarkən onların sertifikatını tələb etsinlər. Məsləhət görürük ki, mənşəyi məlum olmayan qidalar qəbul etməsinlər"