ATƏT: "Dağlıq Qarabağ münaqişəsi ən mürəkkəb problemlərdən biridir"
1 Aprel 2014 18:23 (UTC+04:00)
"Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli
üçün çalışırıq".
ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in
2013-cü il üçün illik hesabatında qeyd edilib. ATƏT-in rəsmi
saytına yayımlanan hesabatda, Dağlıq Qarabağ münaqişəsinin davamlı
siyasi həlli yollarını tapmağın ATƏT regionunda ən mürəkkəb
problemlərdən biri olduğu deyilir.
Hesabatda qeyd edilir ki, Dağlıq Qarabağ
münaqişəsinin başlamasından 20 ildən çox müddət keçməsinə
baxmayaraq, hələ də davamlı və hərtərəfli siyasi həllə nail
olunmayıb. Məlumata görə, təşkilatın sədrliyi Minsk qrupunun
həmsədrlərinin bu münaqişənin həlli üçün Azərbaycan və Ermənistan
arasında dialoqun təşviq edilməsi istiqamətində fəaliyyətini
dəstəkləyib. Hesabat həmçinin qeyd edilir ki, 1994-cü ildə
atəşkəsin elan edilməsinə baxmayaraq, bu ərazidə tez-tez atışmalar
qeydə alınır və atəşkəs rejiminin pozulması demək olar ki, müntəzəm
olaraq müşahidə olunur. Ötən il beş nəfər mülki şəxs və 32 əsgər
yaralanıb, 14 əsgər isə öldürülüb. ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası 16 dəfə
təmas xəttinə və 9 dəfə sərhədə baş çəkib.
Hesabatda həmçinin deyilir ki, 2013-cü ildə
Ukraynanın ATƏT-də sədrliyi çərçivəsində təşkilat əsas diqqəti
uzunmüddətli münaqişələrin həllinə və "Helsinki+40" prosesinin
irəlilədilməsinə yönəldib. ATƏT-in Parlament Assambleyası müxtəlif
ölkələrə 7 seçki müşahidə missiyası göndərib ki, həmin ölkələrdən
biri də Azərbaycandır.
Hesabatda qeyd edilir ki, ATƏT Daimi Şurasının
qərarına əsasən təşkilatın Bakı ofisinin mandatı dəyişdirilib və
ofis layihə əlaqələndiricisi statusu alıb. 2013-cü ildə Bakı
ofisinə ATƏT büdcəsinin 2 faizi həcmində pul
ayrılıb.