Azərbaycan rəssamlarının əsərləri Londonda satılır

1 Aprel 2014 20:42 (UTC+04:00)

Mədəniyyət Londonun məşhur "Sotheby’s" hərrac evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi keçirilir. "Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət" adlanan sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 60-a yaxın əsəri nümayiş olunur. "Sotheby's" hərrac evinin Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisinin kuratoru Suad Qarayevanın sözlərinə görə, artıq ikinci ildir təşkil olunan sərgidə region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərləri təqdim olunur. Bu il sərginin əhatə dairəsi genişlənərək, Türkiyə, İran və Əfqanıstan kimi ölkələrin rəssamlarının da iştirakı təmin olunub. Bu, ölkələr arasında siyasi, dini və digər sahələrdə qarşılıqlı əlaqələrinin sənət aləminə təccəssümünü əks etdirir.