Nurçular daha böyük təhlükə mənbəyinə çevrilirlər

2 Aprel 2014 11:08 (UTC+04:00)

Təəssüf ki, zərərli dini cərəyanların təsirinə məruz qalan bəzi soydaşlarımız hələ də müxtəlif ölkələrdə gedən hərbi əməliyyatlara cəlb olunurlar. Bu xüsusda son zamanlar müəyyən sayda azərbaycanlıların Suriyada gedən döyüşlərdə iştirak etdiyi və bir çoxlarının da burada öldüyü barədə informasiyalar yayılmaqda davam edir.

Verilən məlumatlara görə, Suriyada müxtəlif qruplaşmaların tərkibində vuruşan azərbaycanlılar əsasən ölkəmizin şimal bölgəsi və Sumqayıtdan olan gənclərdir. Burada döyüşən azərbaycanlıların sayı barədə dəqiq məlumat yoxdur. Bununla bağlı müxtəlif rəqəmlər səslənir. Belə iddialar da səslənir ki, soydaşlarımızın Suriyaya aparılmasına Hizmət Hərəkatının (nurçular) Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi şəbəkəsi başçılıq edir.

Sözsüz ki, Suriyaya göndərilən soydaşlarımızı kimlərsə, hansı qruplarsa istiqamətləndirir.

Millət vəkili Zahid Oruc düşünür ki, öncə informasiya dərindən analiz edilməli, təsdiqini tapdığı halda isə belə hallara təkan verənlərin qarşısı tam ciddiliyilə alınmalıdır: "Şübhəsiz ki, İlk öncə hər bir informasiya dərindən analiz edilməli və belə tip informasiyalar hüquq-mühafizə orqanları, xəfiyyə strukturlarının ciddi araşdırmalarından keçməlidir. Həqiqətən də Azərbaycana müxtəlif dini maraqlara söykənən əllər uzanıb. Burada da maraqlar müxtəlifdir. Bəziləri insanları, xüsusən də gəncləri öz "yemlərinə" çevirir, dünyəvi döyüşçü yetişdirmək adı ilə hansısa muzd müqabilində onları legioner ordulara qoşurlar. İkinci tərəfdən, onlar gələcəkdə sağ qaldıqda belə, bu fəaliyyətlərindən kənara çıxa bilməyəcəklər. Çətini bir dəfə o şəbəkəyə düşməkdir. Sonradan onların əhatə dairəsindən çıxmaq elə də asan olmur. Həmin vəsaitləri verən, təlim keçən, düşərgələrdə bu aldanmış insanları ideoloji-siyasi hopdurmalara məruz qoyan qüvvələrin sonradan onlardan mənsub olduğu ölkələr üzrə təyinatı istiqamətində istifadə edəcəkləri də istisna deyil. Bu isə avtomatik olaraq o anlama gəlir ki, həmin insanların üzərindən terror törətmək imkanları artır. Faktiki, bizim üçün ən önəmlisi odur ki, hər hansı nurçu hərəkatı və yaxud digər islami birliklərin burada rol oynaması ilə yanaşı, eyni zamanda, bunu doğuran səbəbləri ortadan qaldırmaq üçün işlər görməliyik, orta məktəblərdən ictimai münasibətlər və qanunvericilik tədbirlərinədək. Görüdüyünüz kimi, son dövrlər hüquq sistemində müəyyən addımlar atıldı. Ancaq cəmiyyət bu prosesin son dərəcədə təhlükəli olduğundan nəticə çıxarmalı, ailələr övladlarının hansı təriqətə yuvarlandığını bilməli və bununla bağlı çəkinmədən hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Belələrinin burada cəzalanması daha az dərddir, nəinki oradan cənazələrinin qayıtması".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da həmin məqamla bağlı olaraq prosesi istiqamətləndirən bütün dağıdıcı qüvvələrə qarşı sərt mübarizə tədbirlərinin görülməli olduğunu bildirdi: "Azərbaycan demokratik, tolerant bir ölkədir. Burada bütün dinlərin fəaliyyəti üçün normal şərait yaradılıb. Amma təəssüf ki, son illər bəzi soydaşlarımızın ekstremist dini cərəyanlara qoşulması tendensiyası da yaranıb. Mətbuatda son zamanlar bəzi azərbaycanlıların Suriyada müxtəlif qruplaşmalar tərkibində döyüşlərə qoşulmaları barədə məlumatlar gedir. Bu məlumatların da əsası vardır. Suriyada döyüşlərə qoşulan soydaşlarımızın sayı barədə dəqiq məlumat deyə bilmərik, bununla müvafiq hüquq-mühafizə orqanları məşğul olur. Soydaşlarımızın bu və ya digər dini təriqətlərin təhriki ilə Suriyada döyüşlərə qoşulmasının qarşısını almaq üçün geniş ideoloji təbliğat işləri aparılmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyinin bununla bağlı üzərinə ciddi məsuliyyət işləri düşür. Belə halların olmasını nurçuların fəaliyyəti ilə də əlaqələndirmək olar. Belə hal təsdiqini taparsa, onlara qarşı ölkədə sərt mübarizə tədbirlərinə də əl atmaq olar və bu lazımdır. Gəncləri dini cihad adı altında başqa bir ölkəyə göndərən hansısa bir şəbəkə var ki, onlar da həmin şəbəkəyə aldanırlar. Bu şəbəkə müəyyənləşməli və onlara qarşı qəti mübarizə aparılmalıdır. Belə cərəyanların üzvü olan, ona rəvac verən qüvvələr aydınlaşdırılmalı və onlara qarşı qanunun sərt üzü göstərilməlidir. Onlar ölkənin təhlükəsizliyinə ciddi təhlükədir".