İsrail də Qarabağ iddialarını meydana qoyur

19 İyun 2012 15:55 (UTC+04:00)

Zaur Əliyev: "İran vasitəçi kimi öz namizədliyini irəli sürürsə, İsrail də bunu irəli sürə bilər"

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun fəaliyyəti hər hansı ciddi nəticə vermir. Elə bu səbəbdən münaqişənin həllinə yeni vasitəçilərin cəlbi zəruri sayılır. Son günlərdə isə belə vasitəçilərdən biri qismində İsrailin adı hallanır. İsrailin vasitəçi qismində Qarabağ münaqişəsinin həllində iştirak etməsinə dair təklifi bu ölkədən olan deputat Robert Tinyayev səsləndirib. Yəhudi deputatın belə çıxışına isə ölkəmizdə politoloqlar fərqli prizmadan yanaşırlar.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü deputat Zahid Oruc bildirir ki, İsrailin Qarabağ məsələlərində vasitəçilik missiyasını yerinə yetirmədən belə proseslərin gedişinə təsir etmək imkanları var: "İsrailin beynəlxalq siyasətdə mühüm bir yeri var. Faktiki olaraq bu ölkə Amerikanın Yaxın Şərqdə bir sıra məsələlərdə ən yaxın müttəfiqi və tərəfdaşıdır. Belə olan təqdirdə, əlbəttə ki, onun ayrı-ayrı regional və beynəlxalq məsələlərə təsir imkanları böyükdür. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, İsrail Azərbaycanla münasibətlərini yüksək bir səviyyəyə qaldırıb. Bununla da bölgədəki proseslərdə aktiv iştirak etməkdədir. O biri tərəfdən hərbi - təhlükəsizlik əlaqələrini də Azərbaycanla genişləndirən İsrail faktiki olaraq bölgədə müəyyən bir rol alıb və bu xarici qüvvələr tərəfindən də görülür. Rusiya da, İran da, o cümlədən qardaş Türkiyə də İsrailin bölgədə müəyyən missiyası olduğunu hiss edir. Başqa tərəfdən, əlbət ki, dünya yəhudi diaspor və lobbi institutlarının da müxtəlif beynəlxalq məsələlərə təsir etmək imkanları son dərəcə böyükdür. Bunu nəzərə alaraq demək olar ki, İsrailin Qarabağ məsələlərində heç də bilavasitə vasitəçi olmadan da bugünkü gerçəklikdə təsir etmək imkanları var. Yəni beynəlxalq fikrin formalaşmasında İsrailin imkanlarını biz nəzərə almalıyıq. Lakin Minsk qrupunda yer alan əsas güc mərkəzlərinin İsraili bilavasitə hüquqi prosesə buraxması real görünmür. Amma İsrail Ermənistanın real siyasi fəaliyyətini qiymətləndirərərk ona qarşı ola bilər. Bunu biz arzulayırıq və İsrailin vasitəçi olmadan da bunu həyata keçirməsi mümkündür".

Millət vəkili İranın İsrailin bölgədəki hər hansı addımlarına qarşı kontur mövqeyini quracağının və proseslərə təxribatçı mövqedən yanaşacağının da gözlənilən olduğunu qeyd etdi: "İran faktiki olaraq Qarabağ məsələsində bilavasitə iştirak etmir. Amma Ermənistanı möhkəmləndirməklə onun Qarabağda mövqelərinə təsir edir və Azərbaycan əleyhinə siyasəti stimullaşdırır. Belə olan təqdirdə biz çox arzulayırıq ki, İsrail bu bölgədəki həssaslığı nəzərə alsın. Faktiki olaraq Azərbaycan bu gün risklər hesabına İsrail ilə münasibətlərini qurur və davam etdirir".

Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı isə bildirir ki, ümumiyyətlə, Qarabağ probleminin həlli ilə bağlı vasitəçilik qismində müxtəlif vaxtlarda fərqli dövlətlərin adları gündəmə gətirilib: "Amma bu proses Minsk qrupunun özünün yox, həmsədrlərin nəzarətində gedir. Bir də ki, klassik məsələ var. Rusiya, ABŞ, Fransa problemi öz nəzarətlərindən kənara çıxmasına nə qədər müsbət baxacaqlar? İsrailin imkanlarını bu prizmada dəyərləndirəndə ölkənin özü böyük problem içindədir. Fələstin-İsrail qarşıdurması isə problemin böyük tərəfidir".

Politoloq İsrailin indiyə qədər böyük bir problemin həllində vasitəçilik təşəbbüs etməsi ilə bağlı ciddi nümunə olmadığını bildirir: "Amma digər tərəfdən İsrail dünyada çox güclü ölkədir. Böyük siyasi təsir imkanına malikdir və Azərbaycanla da münasibətləri normaldır. Ermənistan son dövrlər Azərbaycanın İsrail ilə silah müqavilələrinə görə də buna müsbət baxmayacaq. Amma problemin həllinə müsbət töhfə verə bilərsə, Azərbaycan bu vasitəçiliyə müsbət baxa bilər. Rusiyanın reaksiyasına gəldikdə isə o, buna müsbət baxmayacaq. Ona görə də mən hesab edirəm ki, bu, sadəcə, bir arzudur. Beynəlxalq münasibətlər sistemində real nəticə yarada biləcək təklif deyil".

Diaspor və Lobbi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Zaur Əliyev isə qeyd edir ki, İran vasitəçi kimi öz namizədliyini irəli sürürsə, İsrail də bunu irəli sürə bilər: "Çünki, bu məsələni həll etməkdə daha çox İsrailin haqqı var. İsrail İrandan fərqli olaraq müharibə başlayanda daim Azərbaycan tərəfində olan bir dövlətdir.

Bizim özümüzdə də belə bir fikir var ki, Minsk qurupu bu işi yetərincə görə bilmir. Hətta ATƏT - in özünün də vasitəçilik missiyası bu gün sual altındadır. Bir çox rəsmi səviyyədə də onların fəaliyyəti tənqid olunur".

Politoloq qeyd edir ki, Qarabağ münaqişəsində vasitəçilik missiyasına Avropa Birliyi cəlb oluna bilər: "Amma Avropa Birliyi də bu məsələni ATƏT - in üzərinə atır. Vasitəçi tərəfin bu proseslərdə neytral olması vacibdir. Rusiya bu məsələdə neytral görünmür. Fransa konkret olaraq Ermənistanın tərəfini saxlayır. Amerika isə Azərbaycanı dəstəkləsə də, ABŞ-dakı erməni lobbisi proseslərə ciddi müdaxilə edir. Amerikada erməni lobbisi çox güclüdür. Ona görə də dövlət siyasətinə təsir edə bilir.

İsrailin vasitəçi olması, məncə, danışıqlar aparılacaq müddətdə aktual deyil. İnanmıram ki, Azərbaycanla ikitərəfli əməkdaşlığı olan Türkiyə də buna razılıq versin. Yəni proseslər Azərbaycan-Türkiyə münasibətlərinə də təsir edə bilər. Həmçinin İran-Azərbaycan münasibətlərinə ciddi təsir göstərə bilər. İsrail prosesə qoşulsa, İran daha açıq şəkildə Ermənistanı dəstəkləməyə başlayacaq. Bu da regiondakı qüvvələrin balansını tamamilə pozacaq".

Politoloq Minsk qrupunun indiki tərkibini dəyişib, neytral dövlətlər seçməyimizin vacib olduğunu bildirir: "Hesab edirəm ki, burada Almaniyanı, Böyük Britaniyanı düşünməliyik. Bunlar daha mühafizəkardırlar. ABŞ - dan fərqli olaraq onlar daha açıq mövqe bildirirlər. Daha neytral mövqedə dayanırlar".

Mübariz Bayramov