Ramil Usubov ordu generalı ilə görüşdü

3 Aprel 2014 19:30 (UTC+04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel ilə görüşüb.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir Ramil Usubov dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin qazandığı ən böyük dəyərlər sırasında qardaş Türkiyə ilə əlaqələrin inkişafını önə çəkmiş, ümummilli lider Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun "Bir milət, iki dövlət" siyəsətinin dövlətmizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xatırladıb.

Daxili işlər naziri iki dost və qardaş ölkənin daxili işlər orqanları arasında mövcud olan işgüzar əlaqələrdən, Türkiyə Jandarm Komandanlığının Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına göstərdiyi maddi-texniki yardımdan, kadr hazırlığı sahəsindəki rolundan bəhs edib, qonağın bundan öncə Türkiyə Jandarm Quvvələrinin Baş Komandanı vəzifəsində çalışdığı zaman sözügedən məsələyə xüsusi həssaslıqla və diqqətlə yanaşmasını məmnunluqla xatırladaraq göstərilən hərtərəfli dəstəyə və yardıma görə Türkiyə tərəfinə, şəxsən cənab Necdet Özelə minnətdarlığını bildirib.

Cənab Ramil Usubov bu səfərin əlaqələrimizin inkişafına təkan verəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları arasında əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Daha sonra nazir kriminogen durum barədə qısa məlumat verib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan sabitliyin yaradıldığını və dönməzliyinin təmin olunduğunu, bunun ilk növbədə vətəndaşlarımızın, həmçinin əcnəbilərin təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərmələrinə, külli miqdarda xarici sərmayənin Azərbaycan iqtisadiyyatına qoyulmasına əlverişli şərait yaratdığını diqqətə çatdırıb.

Problemlərə toxunan cənab Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərirnə, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və insan alveri ilə yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel dost və qardaş Azərbaycanda yenidən olduğundan məmnunluğunu bildirib, iki ölkənin aidiyyatı orqanları, o cümlədən Silahlı Qüvvələrin müvafiq qurumları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib və bu əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alpər Coşqun iştirak edib.