Türkiyə-Azərbaycan hərbi ittifaqı reallaşır?!

4 Aprel 2014 08:40 (UTC+04:00)

Xəbər verildiyi kimi, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın aprelin 4 - də Azərbaycana səfərə gəlir. Ərdoğandan öncə isə 1 aprel tarixindən Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Qardaş ölkənin hərbi və siyasi rəhbərliyinin biri-birin ardınca Azərbaycana gəlişi iki ölkə arasında genişmiqyaslı hərbi sazişin imzalanacağına dair məlumatların yayılmasına səbəb olub. Hətta əlaqələrin hərbi ittifaqa qədər yüksəlməsi gözlənilir. Bunun üçün artıq zəmin formalaşıb. Rusiyanın regionda son manevrləri fonunda Qərb Azərbaycanla Türkiyənin hərbi əlaqələrinin genişləndirməsində maraqlıdır. Belə məlumatlar da dolaşır ki, tezliklə iki qardaş ölkə arasında ilk dəfə olaraq qarşılıqlı hərbi köməyi də nəzərdə tutan geniş miqyaslı hərbi əməkdaşlıq sazişi imzalanacaq. O da vurğulanır ki, əvvəllər NATO nizamnaməsi buna imkan verməsə də, Rusiyanın Krımı ilhaq eləməsindən sonra artıq Qərb Ankaraya "yaşıl işıq" yandırıb. Məqsəd Türkiyənin vasitəsilə Qərbin həyati maraqlarının mövcud olduğu Azərbaycanı Rusiya təhlükəsindən qismən sığortalamaqdır. Digər tərəfdən ölkələrimiz arasında ittifaq üçün bazis - Türkiyə-Azərbaycan strateji müttəfiqlik müqaviləsi çoxdan var.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc hesab edir ki, Türkiyənin siyasi elitasına daxil olan mühüm şəxslərin, həmçinin hörmətli R. T. Ərdoğanın Azərbaycana təşrif buyurması təkcə ölkənin hansısa yerli qurumlarının formalaşmasına deyil, eyni zamanda daha çox onun beynəlxalq həyatına, xarici münasibətlərinə təsir göstərəcək: "Səfərin az qala Ərdoğanın ümumi siyasətini qiymətləndirməni ifadə edən seçkilərdən sonrakı dövrdə gerçəkləşməsi Azərbaycanın qardaş ölkə olduğunu bir daha da sübut edir. Ərdoğanın səfərinin seçkidən sonra ilk görüş kimi sinvolizə olunmuş məna deyil, alt qatında daha mühüm sənədlərin olduğunu görəcəyik. Həqiqətən də regionla bağlı proseslər bu gün iki ölkənin daha yaxından əlaqələrini zəruri edir. Təhlükəsizlik sahəsində Türkiyənin və Azərbaycanın maraqları demək olar ki, eynidir. Əlbəttə, biz ərəb dünyasında Türkiyə qədər oturuşmaq və öz xüsusi modelimizi gerçəkləşdirmək siyasətinə malik deyilik. Ancaq erməni təhlükəsi, İranın bəlli nüvə siyasəti və s. kimi problemlər hamımızı eyni dərəcədə narahat edir. Hazırda Rusiya amili də burada mühüm yer tutmaqdadır. Belə olan təqdirdə iki ölkənin münasibətlərinin təhlükəsizlik sahəsində daha da yaxşılaşması və onun artıq gerçək bir hərbi əlaqələr daşıması, sonuc olaraq hərbi mütəffiqlik sazişisini imzalamağa imkanlar yaradır. Əminəm ki, səfərlər dediyimiz zəmini tam formalaşdırıb. Biz bunun şahidi olacağıq. Bu, öz-özlüyündə o demək olacaq ki, iki ölkənin siyasi-hərbi münasibətləri daha da koordinasiya olunmuş şəkildə tənzimlənəcək. Azərbaycanın təhlükəsizliyinin qorunmasında Türkiyə, eləcə də Türkiyənin həyatına bağlı olan məsələlərdə Azərbaycan iştirak edə biləcəkdir".

Hərbçi ekspert Tərlan Eyvazov isə hesab edir ki, Türkiyə-Azərbaycan strateji müttəfiqlik müqaviləsi çoxdan bağlanıb: "Bu, elə hərbi ittifaqa bərabər bir sənəddir. Diplomatiyada amil var ki, bütün əlaqələri çılpaqlığı ilə etmək düzgün deyil. Yəni, hərbi əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyədədir. Müstəqilliyin ilk illərini çıxsaq, Azərbaycanın xarici siyasətində səhvlər yoxdur. Məsələ onda deyil ki, biz o sənədi hərbi ittifaq kimi götürək və elan edib kimlərisə qıcıqlandıraq. Bunu etmədən də diplomatik yollarla bütün ora daxil olan məsələləri yerinə yetiririk. Azərbaycan NATO istiqamətində gördüyü işləri də reklam xarakterli etmir. Gürcüstan bu barədə bəyanatlar verir, nazirlik də yaradıb. Amma Azərbaycanın həmin institutla əlaqəsi heç də Gürcüstandan geri qalmır. Bəlkə də müəyyən sahədə irəlidədir. Rusiya kimi böyük dövləti qıcıqlandırmaq olmaz. İttifaq istiqamətində atılan addımlar tamamilə şəraitə uyğun şəraitdə həyata keçirilir. Biz NATO-nun bütün tədbirlərində Türkiyənin vasitəsi ilə iştirak edirik. Bu əlaqələr davamlı şəkildə gedir. İttifaqın yaradılmasının bəyan edilməsinə ehtiyac yoxdur. Faktiki olaraq işdə bu ittifaq var".