Məlum olduğu kimi, 2008-ci il iyulun 30-da
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə
"Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilib. Kütləvi
informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi
vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu nəzərə
almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi
informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara
yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri
arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin
peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial
müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil
edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin
potensialından səmərəli istifadə etməkdən ibarətdir. 2009-cu il
aprelin 3-də isə Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun
əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya
vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə
tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-lərin
proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Artıq
Fondun fəaliyyətə başlamasından 5 il keçir və bu dövr ərzində
göstərilən fəaliyyət yüksək qiymətləndirilir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun
Amaşov: "KİVDF-nin timsalında dövlətin mediaya xoş niyyəti dolğun
ifadə vasitəsini tapdı"
"Beş il kiçik zaman kəsiyidir. Ancaq Fondun gördüyü işlər elə təəssürat formalaşdırır ki, sanki bu müddət beş deyil, daha artıqdır. Həqiqətən də qurum Azərbaycan mediası ilə bağlı dinamik struktur olmağı bacarıb.Mövcud statusa ilk növbədə medianı dinamikləşdirməyə, möhkəmləndirməyə yönələn tədbirlərin zəruriliyini ön plana çəkən ölçü meyarı, müəyyən mənada etalon kimi də yanaşmaq mümkündür. Düşünürəm ki, ötən beş ildə həm kütləvi informasiya vasitələri, həm də orada çalışan jurnalistlər Fondun fəaliyyəti nəticəsində yaranmış imtiyazlardan kifayət qədər bəhrələndilər. Özünü maliyyələşdirmək imkanlarının, reklam bazarının zəif olduğu bir dönəm üçün belə bir faydalı strukturun mövcudluğu müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan dövləti mediaya həmişə böyük diqqət və qayğıyla yanaşıb. Ənənə halına çevrilən bu xətt özünü müxtəlif fərman və sərəncamlarda göstərib. Lakin Fondun yaranması dövlətin mövcud istiqamətdəki fəaliyyətinə sanki bir quruluş, nizam verdi. Qurum jurnalistikaya verilən dəyər, eyni zamanda jurnalist adını daşıyan vətəndaşın sosial vəziyyətinə reaksiya olaraq meydana çıxdı.Bu reaksiya sonradan media təmsilçiləri üçün mənzil tikintisi kimi əlahiddə tədbirlə daha da operativlik qazandı.Bir sözlə, KİVDF-nin timsalında dövlətin mediaya xoş niyyəti dolğun ifadə vasitəsini tapdı. Zənnimcə, ötən beş ildə Azərbaycan jurnalistikası həmin xoş niyyətdən qaynaqlanmış digər çoxsaylı tədbirlərlə istər maddi, istərsə də mənəvi psixoloji durumunu xeyli dərəcədə yaxşılaşdırdı. 2005-ci ildən sonra dövlətin mediaya dəstək göstərməsilə bağlı məsələ xeyli aktuallaşmışdı. Əlbəttə, Azərbaycan mediası dövlətin diqqətindən kənarda qalmamışdı. Bir qədər öncə də qeyd etdim ki, jurnalistikamız hər zaman qayğısıyla əhatə olunub. Sadəcə, müzakirələrin mövzusunun mövcud siyasəti təkmilləşdirmək üzərində qurulması get-gedə daha qəti xarakter daşıyırdı. Məlum olduğu kimi, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsinə dair sərəncam imzaladı. Dövlət başçısı həmin il iyul ayının 21-də keçirilən təntənəli mərasimdəki çıxışında media, ümumən söz və ifadə azadlığı ilə bağlı prioritetləri açıqladı. Prezidentin çıxışı əslində dövlətin iradəsinin nümayişi idi. Çünki media spesifik sahədir. Ona önəm verilməlidir. Ancaq müasir dünyanın media ilə bağlı baxışlarındakı müxtəlif məqamlara nəzər salsaq, bu önəmsəmə fərqli də qarşılana bilərdi. Yaxşı yadımdadır ki, müəyyən dairələr dövlət yardımını dövlətin medianı ələ alması kimi dəyərləndirməyə başlamışdılar. Ancaq zamanla mövcud istiqamətdə aparılan işlərin spektri belə iddiaların əsassızlığını ortaya qoymaqla yanaşı, məsələyə fundamental yanaşıldığını da təsdiqlədi. Belə yanaşma Azərbaycan dövlətinin, şəxsən cənab Prezident İlham Əliyevin mövqeyi idi və bu siyasətdə seçilən əlahiddə xətt KİV-lərin cəmiyyətin maraqlarının qorunması işinə səfərbər edilməsi prinsipinə söykənirdi. Əlbəttə, cəmiyyətin maraqları eyni zamanda dövlətin də maraqlarıdır. Dövlət öz işini ictimaiyyətdən gələn sifarişləri dəyərləndirməklə qurur. Məsələnin hər kəsə çatdırılması lazım idi ki, hər hansı yanlış anlaşılmalara yer qalmasın. Hesab edirəm ki, bu iş müvəffəqiyyətlə reallaşdırıldı. Fondun fəaliyyətə başlaması və gerçəkləşdirdiyi tədbirlər də fərqli yanaşmaların doğru olmadığını təsdiqlədi.Bu cəhətlər "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda kifayət qədər əksini tapıb. Konsepsiya son illərdə ölkədə media sahəsində imzalanmış ən dəyərli, kompleks səciyyə daşıyan mükəmməl sənəddir. Jurnalistikamızın infrastrukturu yeniləşməli, jurnalistlərin peşəkarlığı təkmilləşdirilməlidir ki, medianın cəmiyyətin sosial-siyasi və mədəni həyatına təsir gücü artsın, mediamız cəmiyyətin ondan gözlədiyi dördüncü hakimiyyət mövqeyində iddialı olsun. Sənəd bu kimi həlli vacib olan vəzifələrin icrası yollarının dəqiq və aydın şəkildə müəyyənləşdirilməsində müstəsna əhəmiyyət daşıyır. Fondun Nizamnaməsinə diqqət yetirdikdə orada Konsepsiyada göstərilən məramların gerçəkləşdirilməsi üçün zəruri tədbirlər mexanizmlərinin tam şəkildə nəzərdə tutulduğunu görmək mümkündür. Konkret məqsədlərə gəldikdə, ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-lərin müstəqilliyini dəstəkləmək, cəmiyyət və media orqanları arasında səmərəli əməkdaşlığı genişləndirmək, əhəmiyyətli, habelə KİV-lərin fəaliyyətinin təkmilləşməsini hədəfləyən və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirmək prioritet seçilir.Əlbəttə, məsələ heç də təkcə pulda deyil. Konsepsiya qəbul olunmazdan və KİVDF yaradılmazdan öncə də KİV-lərə hansısa formada maliyyə yardımları edilirdi. Deməli, ayrıca sənədin ortaya çıxması və qurumun formalaşması əlahiddə mərama hesablanmış strategiyadır. Prinsipial baxımdan qeyd edilməli məqam strategiyanın hansı metodlarla həyata keçirilməsidir. Zənnimcə, ötən müddətdə KİVDF-nin daşıdığı missiya həmin metodların bu gün üçün ən effektivinin ortaya qoyulmasına şərait yaratdı. Digər tərəfdən, baxın, hazırda Fond müxtəlif dövlət qurumları, icra orqanları ilə birgə jurnalistlər üçün müsabiqələr təşkil edir. Bu, sıradan məsələ deyil. Həmin strukturların media ilə təmasları artır, həmçinin media onların ictimai mahiyyət daşıyan bir çox funksiyalarının icrasına cəlb olunur. Bu mənada Fond bir növ, körpü yaradır. Hesab edirəm ki, mövcud missiya da son dərəcə əhəmiyyətlidir. Mən daha bir məqam üzərində dayanmaq istərdim. Dünya miqyasında ötən əsrin 60-cı illərindən başlayaraq gündəlik qəzetlərin tirajları düşməyə başlayıb. Ümumiyyətlə, gündəlik nəşrlərin sayları da azalmağa doğru gedib. Hətta Avropanın oxucularının çoxunun gündəlik qəzetlərə meyl göstərdiyi ənənəvi qəzet ölkələrində abunəçilərin sayı məhdudlaşıb və ya tam durğun vəziyyətə düşüb. Qəzet oxumağın orta davamlılığında da geriləmələr var. Burada medianın daha çox biznesyönümlü səciyyə daşımağa doğru getməsini vurğulamaq lazımdır. Nəticədə ənənəvi KİV-in üzərinə düşən ictimai məsuliyyət də sıradan çıxmağa başlayır. Qərbdə bu tendensiya geniş vüsət alıb. İnternet medianın təşəkkül tapması ilə həmin mənfi prosesin Azərbaycan üçün də aktuallığı qaçılmaz ola bilər. Nəzərə alaq ki, ənənəvi mediadan onlayn mediaya keçid hər bir halda labüddür. Amma keçidin itkisiz olması şərtdir. Bunun üçün isə ictimai maraqların sistemli müdafiəsinə ehtiyac var. Deməli, dayanıqlı qəzet modeli saxlanılmalıdır. Ən azından internet medianın hüquqi prosedur predmentindən kənar olduğu indiki zamanda qəzetlər cəmiyyətin və dövlətin maraqlarının dolğun uzlaşdırılma nöqtəsi kimi lazımdır. Zənnimcə, KİVDF ötən müddətdəki fəaliyyətilə qəzetçiliyi ciddi informasiya orqanı modeli olaraq qoruyub saxlamağı bacardı. Bu da mühüm amildir. Əlbəttə, Konsepsiyada göstərilənlər və Fondun Nizamnamə prinsiplərinə uyğun olaraq həyata keçirəcəyi fəaliyyət önəmlidir. Hətta deyərdim, altenrativsizdir. Ancaq Konsepsiya əvvəldə də bildirdiyim kimi, fundamental əhəmiyyət daşıyan hüquqi sənəddir. Onun bir çox xüsusiyyətlərindən söz açılıb. Təkrarlamaq istəməzdim. Məsələn, vaxtılə ölkə mediasının aparıcı tərkib hissəsi olan regional mətbuatın durumun yaxşılaşdırılması Konsepsiyanın ayrıca bəndlərindən biridir. Onlara müsabiqəsiz maliyyə yardımı ayrıla bilər. Bu kimi yardımların subvensiyalar, subsidiyalar, sosial reklamlar şəklində olması mümkündür. Mədəni, sosial və uşaqlar üçün xüsusi nəşrlərə isə ünvanlı yardımların ayrılması, ümumən KİV-lərə uzunmüddətli, güzəştli kreditlərin verilməsi kimi məsələlərə Konsepsiyada geniş yer verilib. Bu isə o deməkdir ki, Fondun gələcək fəaliyyəti üçün kifayət qədər geniş zəmin var. Güman edirəm, Azərbaycan dövlətinin maddi imkanları artdıqca Fondun işi daha sistemli şəkil alacaq".
Millət vəkili Musa Quliyev: "Bu 5 ildə KİVDF
Azərbaycanın mətbuat aləmində, KİV arenasında, eləcə də ictimai
fikirdə özünü doğrultdu, təsdiqlədi"
"Mən bu Fondun yaranmasını doğurdan da, dövlətin KİV-in yanında, demokratiyanın yanında olmasının, söz və fikir azadlığına dəstəyin tərərəfdarı olmasının bir təzahürü kimi qəbul edirəm. Qeyd etmək lazımdır ki, çox nadir ölkələrdə belə fondlar var. Fond KİV-ə müxtəlif layihələr şəklində maliyyə dəstəyi göstərir və öz fəaliyyətlərini qurması üçün düzgün istiqamətləndirməsi və genişləndirməsinə öz töhfəsini verir. Azərbaycanda belə bir Fondun yaranmasının tarixinin çox qısa olmasına baxmayaraq, KİVDF Azərbaycanın mətbuat aləmində, KİV arenasında, eləcə də ictimai fikirdə özünü doğrultdu təsdiqlədi. Təbii ki, Azərbaycanda KİV-ə dəstək fondunun olması müsbət haldır və bu Fondun fəaliyyətinə uğurlar arzulayıram".
Millət vəkili Musa Qasımov: "KİVDF bizim
mətbuat tariximizdə görülə bilməyən, xəyala gəlməyən məsələləri
gerçəkləşdirib"
"KİVDF bizim mətbuat tariximizdə görülə bilməyən, xəyala gəlməyən məsələləri gerçəkləşdirib. Jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması, jurnalistlər arasında fərdi yazı müsabiqələrinin təşkili Fondun uğurlarındandır. Fond cənab Prezidentimiz İlham Əliyevin mətbuata göstərdiyi diqqət qayğnı uğurla yerinə yetirir, bu tapşırıqları bacarıqla həll edir. Açıq söyləmək lazımdır ki, dünyanın heç bir ölkəsində jurnalistlərə belə qayğı göstərilmir. Qəzetlərə fərq qoymadan maliyyə vəsaiti ayrılır. Şübhəsiz ki, çox müsbət təcrübədir. Fondun icraçı direktoru Vüqar Səfərli də işləri mükəmməl bilməsi ilə bütün bu uğurlara imza atmağa nail olub. Fondun yaradılmasının 5-ci illiyi münasibətilə KİVDF-nin əməkdaşlarını, başda Vüqar müəllim olmaqla təbrik edirəm".
Millət vəkili Zahid Oruc: "5 ildə
böyük işlər görülüb, qarşıdakı illərdə də real həllini gözləyən
məsələlər Fondun işgüzarlığı, məhsuldarlığı nəticəsində həyata
keçəcək"
"KİVDF-nin yaradılması öncə dövlətin bu sahə ilə bağlı, media ilə bağlı siyasətini yürütməyə imkan yaratdı. Fondun yaradılmasından sonra konkret mətbuat orqanlarına maddi yardımlar həyata keçirdi ki, bu da medianın ilkin iqtisadi bazasının yaranmasına dəstək rolunu oynadı. Qəzetlərin cəmiyyətə çıxmasına, ictimai rəy institutunu qoruyub saxlamağa və mətbuatın yaşamasında böyük töhfə verdi. Əlbəttə ki, jurnalistlərin mənzil təminatına qədər aparıb çıxaran siyasəti də bu dövr ərzində işləmək mümkün oldu. Amma bu qurumun üzərinə daha böyük işlər düşür ki, Fond qarşıdakı illərdə də öz fəaliyyətini həmin istiqamətdə davam etdirməlidir. Hesab edirəm ki, bu 5 ildə böyük işlər görülüb, amma qarşıdakı illərdə də real həllini gözləyən məsələlər var ki, inanıram ki, bu Fondun işgüzarlığı, məhsuldarlığı nəticəsində həyata keçəcək".
Millət vəkili Aqil Abbas: "Mən Fondun beşillik
fəaliyyəti 5 qiyməti, ilə həm də, +5 qiyməti ilə
dəyərləndirirəm"
"KİVDF bu beş ildə müxalifətinə, iqtidarına baxmadan qanunauyğunluqla, ayrı-seçkilik etmədən mətbuata öz köməkliyini etdi. Bu təşkilat bütün ümidləri doğrultdu. Çünki təşkilatın rəhbəri də yerində oldu. Çünki, fərqlənmə, ayrı-seçkilik aparmadı. Həm möhtərəm Prezidentin siyası kursunu saxladı, həm də mətbu orqanları bölmədi, ayırmadı. Mən Fondun beşillik fəaliyyəti 5 qiyməti, ilə həm də, +5 qiyməti ilə dəyərləndirirəm. Doğurdan da KİVDF bu 5 illik fəaliyyəti ilə bu qiymətə layiqdir".
"Gündəlik Teleqraf"qəzetinin baş redaktoru
Aynur Camalqızı: "KİVDF mətbu orqanlara fərq qoymadan, hətta
onların siyasi partiyalara bağlılığına önəm vermədən tolerantlığın
çox gözəl nümunəsini ortaya qoya bildi"
"KİVDF-nin yaranması ilk növbədə dövlətlə-mətbuat arasında dostluğun təcəssümüdür. Mən düşünürəm ki, bu dünyada anoloqu olmayan bir nümunədir. Dövlət təmənnasız olaraq ölkəsində fəaliyyət göstərən mətbu orqanlara maliyyə yardımı göstərir. Ən başlıcası isə hakimiyyətyönlü və müxalifyönlü olmasına heç bir fərq qoymadan yardım məqsədilə təmənnasız maliyyələr ayrırır. Təbii ki, mən bunu çox müsbət dəyərləndirirəm, bunu Azərbaycan Prezidentinin azad sözə, mətbuatın inkişafına yüksək sayğısı və həssaslığı kimi qiymətləndirirəm. Mənim fikrimcə, KİVDF-nin yaranması Azərbaycan mətbuatında bir sıra problemlərin layihələr çərçivəsində həll olunmasına, maarifləndirmə işlərinin aparılmasına, eyni zamanda mətbuatın problemləri ilə bağlı müzakirələrin açılmasına çox böyük dəstək verib. Bu işlərin çox ağıllı, müdrik şəkildə həyata keçirən isə Fondun icraçı direktoru Vüqar Səfərlidir. V. Səfərli mətbuatda o qızıl ortanı tapa bilən bir insandır. O, mətbuatda bir ortaq məxrəc yarada bildi. Müxalifətyönlü və iqtidaryönlü medianı, iki fərqli baxış bucağı olan insanları bir masa arxasında əyləşdirməyi bacardı və bu yolu çox asan formada tapdı. Baxmayaraq ki, hansısa bir radikal partiyanın təbliğat ruporudur, onlar bərabərhüquqlu şəkildə KİVDF-nin tədbirlərinə qatılmaqla maliyyə yardımlarından bəhrələnir, bu, bütövlükdə həm Azərbaycan dövlətinin möhkəmlənməsində, media və dövlət münasibətlərinin tənzimlənməsində medianın inkişafına böyük töhfə olur, həm də, sürətli inkişafa təkan verir. Buna görə mən KİVDF-nin icraçı direktoru Vüqar Səfərliyə minnətdarığımı bildirirəm, növbəti illərdə fəaliyyətinə uğurlar arzulayıram. Hesab edirəm ki, KİVDf mətbu orqanlara fərq qoymadan, hətta onların siyasi partiyalara bağlılığına önəm vermədən tolerantlığın çox gözəl nümunəsini ortaya qoya bildi. Arzu edirəm ki, onların gələcəkdə büdcəsi daha böyük olsun ki, daha çox maliyə tutumlu layihələrə dəstək verə bilsinlər".
Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Müşfiq Ələsgərli: "KİVDF yarandıqdan sonra jurnalistlərin əmək
haqlarında da artım oldu"
"Mən öncə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmək istəyirəm ki, zamanında Azərbaycan KİV-nin ayaqda durması üçün bu addımı atdı. KİVDF-nin yarandığı gündən indiyədək əldə etdiyi naliyyətlərə nəzər salsaq, görərik ki, bu sadalamaqla bitməz. KİVDFindiyədək çoxsaylı uğurlara imza atıb. Qısa olaraq demək olar ki, Azərbaycan jurnalistikasının tarixini iki dövrə bölmək mümkündür. Birinci dövr 1990-2003-cü ili əhatə edir. Bu dövrdə Azərbaycan mediasının qanunvericilik bazası formalaşdı. 2003-cü ildən sonrakı dövrdə isə həmin qanunvericilik bazasından medianın faydalanması üçün imkanlar açıldı. Iqtisadi baxımdan oturuşmuş, strukturlaşmış medianın formalaşması üçün bir boşluq vardı. Həmin dövrdə Azərbaycanda yüzlərlə KİV təsis olunur və az müddət keçdikdən sonra sıradan çıxırdı. Bunun da səbəbi KİV-lərin iqtisadi bazası möhkəm deyildi, onların maddi texniki bazası yox idi və müəyyən strukturlaşma problemi vardı. Lakin KİVDF yarandıqdan sonra, Azərbaycanda oturuşmuş KİV redaksiyalarının yaranmasına köməklik göstərdi. Azərbaycanda bu gün 5 mindən yuxarı mətbu orqan qeydiyyatdan keçsə də, onların çoxu fəaliyyət göstərmir. Səbəb isə onların maddi texniki bazasının olmaması, dayanıqlı iqtisadi strukturunun olmamasıdır.KİVDF formalaşdıqdan sonra Azərbaycanda sözün əsl mənasında iqtisadi dayanıqlığı olan mətbu orqanlar yarandı. Jurnalistlərin Həmkarlar İttifaqı olaraq biz 2002-ci ildən başlayaraq jurnalistlərin sosial-iqtisadi vəziyyəti ilə bağlı qiymətləndirmə aparırıdıq. 2008-ci ilə qədər olan dövrdə jurnalistlərin əmək haqqı çox aşağı rəqəmlərlə ifadə olunurdu. Hətta deyərdim minimum əmək haqqı məbləğində idi. Amma 2008-ci ildən sonra, KİVDF yarandıqdan sonra, jurnalistlərin əmək haqlarında da artım oldu. Bu gün Azərbaycan jurnalistlərinin əmək haqqı ölkədə minimum əmək haqqından dəfələrlə yüksəkdir. 2008-ci ilə qədər olan dövrdə jurnalistlərin 85 faizi evsizlik problemi yaşayırdılarsa, artıq bu problem böyük sürətlə həll olunmaqdadır. Yaxın ildə belə davam edərsə,bu problem tam həll olunacaq. Amma KİVDF-nin mətbuata töhfəsi bununla da yekunlaşmır. Siz də bilirsiniz ki, əvvəllər mətbuatda jurnalistlərin əmək münasibətlərinin rəsmiləşdirilməsi problemi vardır ki, bu problemin həllinə də KİVDF öz töhfəsini verdi. Artıq bilirsiniz ki, Fond əmək münasibətlərini rəsmiləşdirməmiş redaksiyalara maliyyə yardımı ayırmır. Əgər 2008-ci ilədək redaksiyalarda 80 faiz əmək müqavilələri yoxdursa, bu gün 90 faiz redaksiyalarda işə götürülən jurnalistlərlə bu münasibət rəsmiləşdirilir. KİVDF-nin əldə etdiyi naliyyətlər o qədər çoxdur ki, onları sadalamala qurtarmaz. Arzu edirik ki, onların bu naliyyətləri davamlı olsun. KİVDF rəhbərliyinə, şəxsən Fondun icraçı direktoruna bu mənada təşəkkür düşür ki, yenicə yaranmasına baxmayaraq, Vüqar müəllimAzərbaycanda KİVDF-nin işləməsi ənənəsini və mexanizmini yaradaraq bu cür məhsuldar təşkilat formalaşdıra bildi".
"Respublika" qəzetinin baş redaktorunun müavini Hümbət Musayev: "Fondun keçirdiyi tədbirlər kəmiyyət və keyfiyyət baxımından konseptual işlər oldu"
"2008-ci ildə ölkə başçısının sərəncamı ilə Azərbaycanda KİV-ə Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi mətbuat-dövlət münasibətlərinin formalaşması, mətbuatın dövlət siyasətinin tənzimlənməsinitam şəkildə ifadə edən baza rolunu oynadı. Bu sənəd əsasında KİVDF yaradıldı. Həmin Fond yaradıldığı gündən qayəsi azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbu sözün daşıyıcısı olan jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmağı təmin etmək olub. Fond doğurdan da üzərinə düşən bu missiyanı layiqincə yerinə yetirdi. Fondun keçirdiyi tədbirlər kəmiyyət və keyfiyyət baxımından konseptual işlər oldu. Fondun keçirdiyi tədbirlər mətbuatda peşəkarlığın, obyektivliyin,qərəzsizliyin söz məlumat azadlığından sui istifadənin də qarşısının alınmasında mühim rol oynadı. Fondun gördüyü işlər, milli mətbuatımızın dirçəldilməsi, jurnalistlərin problemlərinin həlli istiqamətində atdığı addımlar doğurdan da təqdirəlayiqdir. 5 il müddətində bu qədər iş görmək, mətbuata bu cürə diqqət doğurdan da belə bir təşkilat formalaşdırmaq alqışlanmalıdır. Bu gün Fondun keçirdiyi fərdi yazı müsabiqələri mətbuatda çalışan jurnalistlərin peşəkarlığının artırılmasında əvəzsiz rol oynayıb. Burada obyektivliyin qorunmasına görə, Fond rəhbərliyinə xüsusi minnətdarlıq düşür. Qısa müddətdə görülən işlər, həyata keçirilən tədbirlər öz miqyasına görə çox böyükdür. Bu möhtəşəmliyin təməl yükü Ulu Öndər tərəfindən qoyularaq bu gün də KİVDF tərəfindən davam etdirilir".