Yeni marka benzinin baha olmasının səbəbləri bilindi
5 Aprel 2014 09:50 (UTC+04:00)
Artıq Azərbaycanın "Azpetrol" yanacaqdoldurma məntəqələrində
"Premium Euro-95" markalı benzin satışa çıxarıldı. İdxal edilən
yeni benzinin keyfiyyətinin daha yüksək olduğunu açıqlanıb. Eyni
zamanda Aİ-95 markalı benzinlə müqayisədə onun qiymətində 13 qəpik
artım var. "Premium Euro-95" markalı benzin 93 qəpikdən
satılır.
Camal Zeynalov: "Gətirilmə xərcinə uyğun qiymət
93 qəpik olaraq müəyyələşdirilib"
İdxal edilmiş həmin növ benzinin ilkin satışı qiyməti yol xərci və
keyfiyyətinin yüksək olması ilə izah edilir. Belə ki, "Azpetrol"
MMC-nin mətbuat katibi Camal Zeynalov qəzetimizə verdiyi açıqlamada
bildirir ki, əvvəllər Aİ-95 markalı benzin 80 qəpiyə satılırdı:
"Həmin benzin bizdə istehsal olunurdu. Bizə artıq "Premium Euro-95"
markalı benzin xaricdən gətirilir. Bu benzinlər isə "Avro-4"
standartlarına uyğundur. Ona görə də onun qiyməti qalxıb. Gətirilmə
xərcinə uyğun qiymət 93 qəpik olaraq müəyyələşdirilib. Onun
gələcəkdə artıb azalması haqqında isə indidən nəsə demək çətindir.
Tək "Azpetrol" yox, digər yanacaq doldurma məntəqələri də onu
satışa çıxardacaq. Çox ehtimal ki, onlarda da qiymət eyni olacaq.
Aİ–98 markalı benzin kimi, bunu da Rumıniyadan alırıq".
Nizaməddin Quliyev: "Qiymətin qalxması
keyfiyyətinin yüksək olması və yol xərci ilə bağlıdır"
Ölkənin digər ən böyük yanacaq doldurma məntəqəsi olan SOCAR-ın da
artıq iki məntəqəsində "Premium Euro-95" markalı benzinin satışı
təşkil olunub. Bunu "Mövqe"yə açıqlamasında Azərbayan Respublikası
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin
Quliyev deyib: "Hazırda həmin benzinin bir litrinin qiyməti 93
qəpikdir. Qiymətin qalxması keyfiyyətinin yüksək olması və yol
xərci ilə bağlıdır. Gələcəkdə bütün YDM-mizdə olması gözlənilir".
Samir Əliyev: "Ölkəyə gətirilən yeni
avtomobillərin sayəsində Aİ-95 markalı benzinə tələbatın artması
müşahidə ediləcək"
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir
Əliyev hesab edir ki, bazarda 2 cür - ölkədə istehsal olunan və
idxal olunan Aİ-95 markalı benzin satılacaq: "İdxal olunan benzinin
qiyməti sərbəst olduğundan onun qiymətinin bahalaşması tamamilə
mümkündür. Bir müddət sonra ARDNŞ Aİ-95 benzinin istehsalını tam
dayandıracaq və bazarda ancaq idxal olunan Aİ-95 benzin qalacaq.
Bundan sonra qiyməti artıq bazar müəyyənləşdirəcək. Düzdür, hökumət
qiymət artımını minimuma endirmək üçün vergi güzəştləri tətbiq
edib. İdxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün
gömrük rüsumlarını 15%-dən sıfıra, aksiz dərəcələri isə bir ton
üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına
endirilib. Ancaq bütün bunlar benzinin bahalaşmayacağına zəmanət
vermir. Aİ-95 benzini dünya bazarlarında neftin qiymətindən və
benzini emal edən zavodun qiymət siyasətindən birbaşa asılı olacaq.
Böyük ehtimalla hökumət bir müddət bu markalı benzinin
bahalaşmasına imkan verməyəcək. Ancaq bu, müvəqqəti olacaq. Müəyyən
dövrdən sonra bahalaşmanın şahidi olacayıq. Ümumilikdə 95 və daha
yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı
təqribən 10% təşkil edir. Ancaq ölkəyə gətirilən yeni
avtomobillərin sayəsində Aİ-95 markalı benzinə tələbatın artması
müşahidə ediləcək".
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31
mart 2014-cü il tarixli qərarına əsasən, idxal olunan "Avro-5"
ekoloji normalarının tələblərinə uyğun oktan ədədi 95 və daha
yüksək olan avtomobil benzinləri dövlət tərəfindən tənzimlənən
malların (işlərin, xidmətlərin) siyahısına aid edilməyib. Bu isə
yüksək avro standartlara cavab verən avtomobil benzininin ("Premium
Avro-95" və "Super Avro-98") nisbətən aşağı qiymətlərlə ölkəyə
idxalına və sərbəst qiymətlərlə satışına imkan verir.