Yerli avtomobillərə tələb artmağa başladı

5 Aprel 2014 08:59 (UTC+04:00)

Son zamanlar Azərbaycan daxilində istehsal olunan avtomobillərə tələbatın artması müşahidə olunur. "Avto-4" standartının tətbiqindən sonra əhalinin bir hissəsi yerli istehsal olan avtomobilləri almağa üstünlük verir.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, yerli avtomobillərə tələbatın artması "Avto-4" standartının işə düşməsilə ucuz maşınların ölkəyə gətirilməsinin mümkünsüzlüyü ilə əlaqədardır: "Burada söhbət ondan gedir ki, ölkə ərazisinə idxal olunan və istehsal tarixi 2005-ci ildən aşağı olan nəqliyyat vasitələri artıq ölkəyə idxal olunmur. Hazırda gətrilməsinə icazə verilən nəqliyyat vasitələrinin qiyməti isə heç də ucuz deyil. Azərbaycanın maşın bazarında dünyanın aparıcı avtomobil şirkətlərinə məxsus nəqliyyat vasitələrinin satışa çıxarıldığını və onların da qiymətinin yüksək olduğunu nəzərə alsaq, belə olan halda bazarda daha ucuz başa gələn nəqliyyat vasitələrinin müəyyən qədər populyarlaşması mümkündür. Azərbaycan bazarında yerli sənaye sahələrində istehsal olunan nəqliyyat vasitələrinin qiymətinin və onların ehtiyat hissələrinin ucuz, onlarla bağlı servis xidmətlərinin aşağı olması şərtləri isə onu diqtə edir ki, potensial alıcıların bir hissəsi də məhz yerli maşınların alınmasına üstünlük versin. Bu da anlaşılan məsələdir. Digər tərəfdən, burada bir faktor da var. İldən-ilə daxildə istehsal olunan yerli nəqliyyat vasitələrinə tələbatın artması eyni zamanda bu maşınların texniki göstəricilərinin yerli reallıqlara uyğunlaşması məsələsilə də bağlıdır. Avropanın inkişaf etmiş ölkələrində istehsal olunan nəqliyyat vasitələrinin Azərbaycan yollarında hərəkəti ilə onların istismar müddəti azalmış olur. Vaxtilə sovetlər dönəmində istehsal olunan maşınlar həmin reallıqlara, sovet yollarının vəziyyətinə hesablanırdı. Bu gün Azərbaycanda hələ də keçən əsrin 70-80-ci illərində istehsal olunan çoxsaylı nəqliyyat vasitələrini görə bilərik. Eyni zamanda, keçən əsrin 90-cı illərin əvvəllərinə aid Almaniya istehsallı maşınlar da ölkəmizdə kifayət qədərdir. Amma dözümlük nöqteyi-nəzərindən sovetlər dönəmində istehsal olunan, yerli spesifikaya uyğunlaşdırılan modellər hələ də dövriyyədədir. Lakin bütövlükdə, indi başqa şəraitdir, bazar iqtisadiyyatı hökm sürür. Yerli istehsal olunan nəqliyyat vasitələrinin keyfiyyəti zamanla sınaqdan çıxdıqdan sonra düşünürəm ki, bu modellərə olan tələbat daha da arta bilər".

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanov bu qənaətdədir ki, yerli avtomobillərə tələbatın kəskin artdığını söyləmək doğru deyil: "Deməzdim ki, Azərbaycanda istehsal olunan yerli avtomobillərə kəskin artım var. 2012-ci ildə yerli avtomobillərin satışı üzrə ümumi rəqəm 37 idisə, 2013-cü ildə bu rəqəm 100-ü ötüb. Əslində, bu artım sayılsa da, kifayət qədər kiçik rəqəmdir. Ümumilikdə, Azərbaycan avtomobil bazarında satışa çıxarılan maşınların 0,5 faizini belə təşkil etmir, kifayət qədər kiçik rəqəmdir. Amma nəzərə almalıyıq ki, hər bir məhsul bazara təklif olunduqda, zamandan asılı olaraq onun reklamı da güclənir, marketinqi artır, təqdimatında müəyyən dəyişikliklər baş verir. Bu səbəbdən də həmin mala olan maraq da artımla davam edir. Yəni hazırkı tendensiya bundan ibarətdir və burada nəsə qeyri-adi bir şey axtarmağına dəyməz. Bu mənada deməliyəm ki, "Avto-4" standartına keçidin də yerli avtomobillərə tələbin artmasında təsiri qisməndir".