Azərbaycanda turizm infrastrukturu ilə bağlı böyük işlər görülür

4 Aprel 2014 20:05 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. Movqe.az-ın məlumata görə, görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışılıb, Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin və Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclasının əhəmiyyəti qeyd olunub. Söhbət zamanı Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xarici işlər naziri Elmar Məmmədyarov Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. Görüşdə Azərbaycan ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Baş katib ölkəmizdə müşahidə olunan inkişafın onda böyük təəssürat doğurduğunu bildirib, turizmin inkişafı üçün böyük işlər görüldüyünü vurğulayıb, xarici turistlərin Azərbaycana marağının xeyli artdığını söyləyib.