Tacikistanın xarici işlər nazir İqtisadiyyat və Sənaye Nazirliyində oldu

4 Aprel 2014 20:10 (UTC+04:00)

Aprelin 3-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov ilə görüşmüşdür. Movqe.az xəbər verir ki, görüşdə dövlət başçılarının qarşılıqlı səfərlərinin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində əhəmiyyəti vurğulanmış, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd edilmişdir. Bildirilmişdir ki, bu gün iki ölkə arasında iqtisadi sahədə müqavilə-hüquqi baza və mövcud iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Bu potensialdan səmərəli istifadə olunması, birgə sərgi və biznes forumların təşkili ölkələrimiz arasında əlaqələrin, eləcə də iş adamları arasında işgüzar əməkdaşlığın genişləndirilməsinə əlavə imkanlar yaradacaqdır.

Tacikistan Respublikasının xarici işlər naziri Sirociddin Aslov ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin, müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinin hər iki ölkə üçün faydalı olacağını qeyd edərək, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulamışdır. Görüşdə təhsil, investisiya qoyuluşu və s. sahələrdə əməkdaşlıq imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.