Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov AmCham-ın aylıq işgüzar naharında iştirak edib

4 Aprel 2014 20:23 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bu gün Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakıda təşkil etdiyi aylıq lançeonunda iştirak edib. Movqe.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən AmCham-ın prezidenti İlqar Vəliyev qonaqları və cənab Nəzirovu salamlayıb və AmChamla ARDNŞ arasında əməkdaşlığa görə neft şirkətinin rəsmisinə minnətdarlığını bildirib. Tədbir zamanı çıxış edən E.Nəsirov tədbir iştirakçılarına Cənub qaz dəhlizi haqqında ən son məlumatı çatdırıb. "Cənub qaz dəhlizi haqqında bir çox şey demək olar və biz bu dəhlizin Avropaya və dünya bazarlarına nə çatdırdığı haqqında düşünməliyik. Avropa Birliyi daha yüksək səviyəli təhlükəsizliyə ehtiyac duyur və göründüyü kimi, enerji təhlükəsizliyi hər hansı bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Getdikcə daha da aydın olur ki, energetika ölkələrin milli təhlükəsizliyinə bərabərdir. Avropanın mərkəzində və periferiyasında yerləşən ölkələrinə edilən çatdırılmalar arasında olan böyük qiymət və təhlükəsizlik boşluğu Xəzər regionunun Avropa Birliyi ilə birləşdirmə yolunun tapılmasına ehtiyacı yaradır. Bu, olduqca çətin, bəlkə də dünyada ən mürəkkəb enerji layihələrindəndir", - deyə E.Nəsirov bildirib. "Bu ilin fevral ayında ARDNŞ Azərbaycanda AmCham-ın 270-dən çox üzvü olan geniş ailəsinə qoşuldu. Azərbaycan Dövlət Neft Şirkəti "Azercosmos" QSC, ADA Universiteti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) və Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı Azərbaycanda AmCham-ın üzvü olan beşinci dövlət qurumu oldu. ARDNŞ-ın AmChama üzv olması palatanın üzvləri üçün işgüzar imkanlarını artırdı və neft şirkətinin Azərbaycanın biznes mühiti ilə daha yaxın olması imkanını yaratdı", - deyə AmChamın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirib.


"AmCham" haqqında:


Azərbaycanda Amerika Ticarət Palatası - AmCham – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, AmCham öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış AmCham 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. AmCham Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə AmChamın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.