Azərbaycanda baş verən zəncirvari avtoqəzada çoxlu sayda ölən və yaralanan var

4 Aprel 2014 20:12 (UTC+04:00)

Ağdaş rayonunda bir neçə nəfərin ölməsi və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumatda bildirilir ki, 24-BE-244 və 60-BM-344 dövlət nömrə nişanlı iki yük avtomobili və 90-XZ-697 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik maşını toqquşub.

 

Hadisə nəticəsində minik maşınının sürücüsü və iki sərnişini dünyasını dəyişib.

 

Yaralıların da olduğu bildirilir.

 

Hadisə yeni baş verdiyi üçün ölən və yaralananların dəqiq sayını və kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.

Hadisə yerində FHN-in xilasediciləri işləyirlər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları da hadisə yerindədir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.