Movqe.az-ın məlumatına görə, bu barədə klubun ən böyük azarkeş
qrupu olan "12-ci oyunçu" fanklubunun saytı məlumat yayıb. Məlumata
görə, bir neçə gün əvvəl Türkiyəyə yollanan Mustafa Dənizli
vətənindən maraqlı xəbərlə qayıdıb: Dənizli aprelin 3-də Lənkəranda
baş tutan məşqdən öncə keçirdiyi qısa toplantıda futbolçuları
təbrik edərək bildirib ki, artıq komandanın öz təyyarəsi olacaq və
bundan sonra avtobusla yol qət edib yorulmayacaqlar. "Səfər
matçlarına Lənkəran hava limanından öz təyyarəmizlə uçacağıq".
"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn
Cəbrayıloğlu açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etdi.
Onun sözlərinə görə, kluba təyyarə alınması ilə bağlı mətbuat
xidmətinə məlumat daxil olmayıb: "Məlumat daxil olsa, bütün
ictimaiyyətlə paylaşacağıq".