Saxta manat təhdidi artır

5 Aprel 2014 09:19 (UTC+04:00)

Saxta pullarla bağlı məsələ bütün dünyada olduğu kimi Azərbaycanda da aktualdır və get-gedə daha çox diqqət cəlb edən mövzulardan birinə çevrilir. Səbəb isə bu xüsusda cinayət hallarının sayının heç də az olmaması ilə bağlıdır. Təkcə 2013-cü ildə 12 cinayət faktı üzrə 78 minə yaxın saxta Azərbaycan manatı aşkar edilib. Bu sıraya dollar və avronun saxta variantlarını da əlavə etsək, mənzərənin kfayət qədər narahatedici olduğu üzə çıxır.

Elə cari ilin ötən dövrü ərzində də saxta pullarla ilgili artıq bir neçə cinayət faktının üstü açılıb. Belə ki, elə bu günlərdə Metro polisi Bakıda saxta əskinaslar aşkar edib. Bakı Şəhər Baş Polis İdarəsi Metropolitendə Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Tovuz rayon sakini Xəyal Quliyevdən 5 ədəd saxta 20 manatlıq əskinas aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ötən ay isə yayılan digər məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkə iqtisadiyyatına və bank sektoruna yönəlmiş cinayətin qarşısını alıb. Həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonunda "Paypoint" terminalları vasitəsi ilə dövriyyəyə saxta əsginaslar buraxan 6 nəfərdən ibarət qrupun üzvləri yaxalanıb. Polis əməkdaşları Binəqədi rayon sakini Ehtiram Həsənzadəni şübhəli şəxs qismində saxlayıb. O, öz ifadəsində bildirib ki, saxta pulları bir qrup dostu ilə birgə hazırlayıb. Əməliyyatçılar Binəqədi rayon sakinləri, 21 yaşlı Kənan İbrahimov, 23 yaşlı Famil Babayev, 19 yaşlı Kazım Kazımlı, 18 yaşlı Abbas İbrahimov və Ağdaş rayonunda anadan olan 20 yaşlı Ələddin Səfərovu da müəyyən edərək istintaqa cəlb ediblər. Araşdırmalarla müəyyən olunub ki, qrup üzvləri saxta manatları Kənan İbrahimova məxsus xüsusi kompüter avadanlıqları vasitəsilə hazırlayıblar. Əməliyyat zamanı saxta pulların hazırlanmasında istifadə olunan avadanlıqlar, eləcə də xeyli sayda saxta pul nümunələri və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxta manatlar hazırlandıqdan sonra dəfələrlə "MilliÖn" ödəniş sisteminin Binəqədi rayonu ərazisində yerləşən "Paypoint" terminallarında ayrı-ayrı vaxtlarda dövriyyəyə buraxılıb. Saxlanılan şəxslər daha sonra bildiriblər ki, onlar saxta pulları dövriyyəyə daxil etmək məqsədilə Ehtiram Həsənzadənin adına "Dəmirbank"da bank hesabı da açdırıblar. Saxta pulların bir hissəsi "Paypoint" vasitəsi ilə Ehtiram Həsənzadənin bank hesabına köçürülüb. Daha sonra isə hesabdan həqiqi əsginaslar çıxarılaraq mənimsənilib. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yanvarın 19-da Sahil qəsəbəsində Ağdaş rayon sakini Sadiq Yusibovdan 8 ədəd 20 və 4 ədəd 10 manatlıq saxta əskinaslar götürülüb. Bu da onu göstərir ki, təkcə böyük yox, kiçik nominallı pul vahidlərinin də saxtalaşdırılması hallarına rast gəlinir.

Məsələnin narahatlıq doğuran tərəflərindən biri gənclərin saxta pul hazırlanmasına getdikcə daha çox həvəs göstərməsidir. Ekspertlər bunu kifayət qədər narahatverici məqam olaraq dəyərləndirirlər. Digər tərəfdən o d abirəmnalı həqiqətdir ki, Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb. Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu fonda ekspertlər hesab edir ki, manatının saxtalaşdırılması üzrə potensial risklərin artması öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə müvafiq institusional infrastrukturların yaradılması və inkişafını, bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir. Çünki cinayətlərin təhlili digər valyutalarla müqayisədə manatın saxtalaşdırılmasına daha çox cəhdlərin olduğunu göstərir. Məsələ bundadır ki, Azərbaycan manatı yüksək dəyərlidir və avrodan cüzi fərqlə ucuzdur. Bu baxımdan manatın saxtalaşdırılmasına həvəs göstərənlər az deyil.