FHN taxta bazarında baş vermiş yanğınla bağlı məlumat yaydı
6 Aprel 2014 22:30 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda taxta
satışı bazarında baş verən yanğın barədə məlumat
yayıb.
Movqe.az FHN-in saytına istinadən xəbər verir ki,
Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın
hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət
Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xitmətinin
canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti
qurumlar məlumatlandırılıb.
Hadisə yerində xilasedicilər yanğınsöndürənlərin
xidməti işinə köməklik məqsəd ilə geniş təxliyə əməliyyatı həyata
keçiriblər.
Yanğınsöndürmə əməliyyatları zamanı xilasedicilər
vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılmasını təmin edib və
müvafiq mühafizə tədbirləri həyata keçirərək yanğının baş verdiyi
ərazidən ümumilikdə 35 nəfəri təxliyə ediblər.
Bazarın ərazisində 1050 kv.m sahədə ştabellərə
yığılmış, vətəndaşlara məxsus 450 kub.m taxta materialları yanıb.
Taxta materiallarının qalan hissəsi və yaxınlıqdakı obyektlər
yanğından mühafizə olunub. Yanğın zamanı tüstüdən zəhərlənən 2
nəfər fəhlə Təcili Tibbi Yardım Xidməti tərəfindən xəsətəxanaya
aparılıb.
Yanğın saat 14:49-da yanğınsöndürənlər tərəfindən
söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən
təhqiqat aparılır.