Kəlbəcərin işğalı günü bundan sonra başqa bir itki
ilə də yadımızda qalacaq. İsa Muğanna əbədiyyətə qovuşdu. O həmişə
deyərdi ki, kosmosdan gəlib. Deyərdi ki, Allah bilirdi məni hansı
gün dünyaya gətirmək lazımdı. Məhz elə bir gündə ki, məhz həmin gün
insan kosmosa uçacaq. Ora uçan Qaqarinin bədəni idi, mənim isə
ruhum. Muğanna bunu mənə demişdi. Afət Telmanqızına isə başqa
mətləblərdən danışıbmış.
Onun keçdiyi yol hamar olmadı. Daşlı-kəsəkli oldu.
Amma bu kəsəkli yol onu Muğanna zirvəsinə ucaltdı. Ədəbiyyatın
patriarxına çevirdi, əbədi qəhrəmanına döndərdi. O, bizə ideal
göstərdi, kamilliyin ən uca zirvə olduğunu, əbədiyyətin əfsanə
olmadığını ortaya qoydu. Görəsən, cəhənnəm var, yoxsa yox? Sualı
üzərində düşünənlərdən fərqli olaraq çoxdan canını bu sualdan
qurtardı. Cəhənnəm var deyib, "Cəhənnəm" romanını yazdı. Nəsimi
ucalığı ilə ucalıb kainata qovuşdu. Əsərlərində ölümsüzlüyü
yaşatdı.
Ədəbiyyatın tapıntısı saydığım bu yazıçının
əsərlərini oxuyanda nə qədər təsirlənirdimsə, 16 il bundan əvvəl
onunla müsahibəyə gedəndə bir o qədər həyəcan keçirmişdim. O vaxt
mətbuatda çalışırdım. Yazıçı ilə söhbət əsnasında onun qəhrəmanları
demək olar ki, gözlərim önündən bir-bir keçdi. Qılınc Qurbanın,
oğlunun ruhunu sazda qanadlandıran, onun ölüm xəbərini aldıqdan
sonra da yol gözləyən atanın dəhşətli iztirabları, Cümrünün dağılan
dünyası, yoxa çıxmış ümidinin tütək səsində yayılması, Teymurləngin
yürüşləri dövründə olanlar, Sultan Səməd əmirlilərin, Nəsiminin
xarakteri və daha nələr. Nəsimi məsləkindən çıxan bir insanın
"Məhşər"i anlatması sonunda Nəsimi filmi ilə kinomatoqrafiyanın
gizli fonduna imza atması da yalnız onun qismətinə düşdü.
Seçilmişlərdən oldu.
Yaşadıqlarını yazdı. Ssenarisi əsasında çəkilən
"Tütək səsi" filmi haqqında yazıçı bunları deyirdi. "Mən eynilə
həmin mühitdə yaşamış, o dövrün ağır yükünü qəlbimdə gəzdirmiş, hər
gün atamın yoxluğunu, anamın əzabını yaşayırdım. Gəmiçilikdə uzaq
səfərlər kapitanı deyilən bir anlayış var. Belə kapitanlar həmişə
nəhəng gəmiləri idarə edirlər. İsa müəllimin yaradıcılığı da belə
uzaq səfərlər gəmisinə bənzəyir. Mənə gecələr ilham gəlir. Həmişə
yazı yazanda gərək yanımda çaynik mızıldansın, çayım əskik olmasın
deyirdi.
İsa Hüseynovun həyat yoldaşı Firuzə Hüseynova onun
belə xatırlayır: "Mətbəxdə işləyərdi səhərə kimi çayını qoyardı. 2
saat yatardı, durardı işə gedərdi-gələrdi yenə
işləyərdi".
İşləri, yaratdığı əsərləri kimi özü də əvəzedilməz
idi. Həm də qeyri-adi. Onu hər kəs anlamazdı. Əsərlərini hər kəs
dərindən başa düşməzdi. Qeybdən səslər eşidirəm, İsa peyğəmbərlə
danışıram deyəndə onu dəli də adlandırmışdılar. O, bu dünyanın
adamı deyildi axı. Bir dəfə ona siz dəlsiniz ya ağıllı sualı
veriləndə isə demişdi ki, mən yerlə-göy arasında olan neytral
adamam.
Xalq yazıçısı İsa Hüseynov deyərdi: "Mən yer
üzərində yeganə adamam ki, ün eşidirəm. Ün eşitdiyim adamı da
tanıyıram. İsa adında Eysar adında olduğunu
bilirəm".
İki dəfə kliniki ölüm keçirən bu insanla nə yaxşı
ki, sağlığında görüşmək mənə də nəsib oldu. Ondan ədəbiyyatımız
üçün dəyərli əsərlər qaldı. Mənə isə bu əsərlərdən əlavə, həm də
xatirə kimi ondan götürdüyüm müsahibə qaldı. Bir sualıma yazıçının
cavabı isə heç vaxt yadımdan çıxmayacaq. Onun qəhrəmanları olan iki
aşığın Səmədlə Gülgəzin hətta əllərinin, tellərinin belə bir-birini
sevməsini yazması bu sualımı qaçılmaz etmişdə o vaxt. Siz elə bir
sevgini yaşadınızmı? Təkcə Firuzə xanımı sevdim. Sevmək odur ki,
gərək insan bir-birinin həmişə yanında olsun dedi. Firuzə xanım da
həmişə onun yanında oldu. O, isə bu gün Firuzə xanımın yanında
deyil. Əfsanə saymadığı əbədiyyətdədir. Muğanna haqda yazarlardan
biri belə dedi. O, zamandan kənar, zamanın sıfırlandığı anda
dünyadan köçdü. 00:00-da. Əsl İsa ölümü. Həm də fərqli bir ölüm.
Özünün vəsiyyətinə əsasən qəbri üzərində çalınan hay-haraylı
"Ruhani" havası ilə Muğanna köçünü çəkdi. (Hesabat)