İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü

6 Aprel 2014 16:14 (UTC+04:00)

2013-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1896-cı ildə Afinada baş tutan ilk müasir Olimpiya oyunlarının açılış tarixinə uyğun olan 6 aprel tarixinin idmanın və fiziki aktivliyin təhsilə, insan inkişafına, sağlam həyat tərzinə və dünyəvi sülhə verdiyi töhfələri qeyd etmək üçün Beynəlxalq İdman və Fiziki Aktivlik günü kimi qeyd edilməsini təsbit etdi. İnkişaf və Sülh naminə 1-ci Beynəlxalq İdman Günü 6 aprel 2014-cü ildə qeyd olunur. Movqe.az xəbər verir ki, nəsillər Sülh Naminə (Generations for Peace) Azərbaycan təşkilatı Hilton Bakı Oteli, BMT-nin İctimai İnformasiya Departamenti (UN DPİ) və "İnkişaf üçün İdman" İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində bu günün qeyd olunması ilə bağlı tədbir təşkil etdi. Tədbirinin açılış mərasimi Hilton Bakı Otelində baş tutdu və tədbirdə ictimai təşkilatların, həmçinin Azərbaycanda BMT-nin Keçmiş Təcrübəçiləri Assosiasiyası İctimai Birliyi (AFUNİ), Gənc Həmyaşıd Təhsili Şəbəkəsi (Y-PEER), Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi, Uşaq və Gənclər Futbol Federasiyası, İcma İnkişafı Mərkəzi, Qaçqın Qadınlar və Gənclər Mərkəzi və digər BMT agentlikləri 50-ə yaxın nümayəndə heyəti ilə iştirak etdilər.


Nəsillər Sülh Naminə Azərbaycan təşkilatının Milli Əlaqələndiricisi Aysel Əsgərova tədbiri açaraq bildirdi ki, bu il ilk dəfə olaraq İnkişaf və Sülh naminə Beynəlxalq İdman Gününü qeyd edirik. Tədbirin əsas məqsədi məhz idman vasitəsilə ayrıseçkilik və müxfəlifliklərə yeni baxışı formalaşdırmaq və müxtəliflik, bərabərlik, qarşılıqlı hörmət və anlaşma kimi dəyərləri təbliğ etməyə yönəlmişdir: "İdman universal dildir. O insanları gücləndirir və sağlam həyat tərzi, etimad və dialoqu təbliğ edir ".


Hilton Bakı Otelinin nümayəndəsi Elmira Valiullova qonaqları salamlayaraq bildirdi ki, idman sülh mesajının çatdırılmasında və sosial dəyişikliyin həyata keçirilməsində mühüm rol oynayır: "Biz korporativ sosial məsuliyyətimizin bir hissəsi olaraq bu günün qeyd olunmasına ev sahibliyi etməkdən olduqca məmmunuq. Sosial məsuliyyət bizim fəaliyyətimizin əsas hissəsi və bununla yanaşı, biznesimizin kritik komponeneti hesab olunur; biz inanırıq ki bu gloabl liderliyin əsas şərtidir".


BMT-nin İctimai İnformasiya Departamentinin Məlumat üzrə Köməkçisi Zəka Quluyev də öz növbəsində çıxış edərək idmanın sülhün genişlənməsi və global həmrəyliyin təbliğində rolunu vurğuladı və BMT-nin Baş Katibinin İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü ilə bağlı müraciətini qonaqlara çatdırdı.


" İnkişaf üçün İdman" İctimai Birliyinin nümayəndələri Vəli Musayev Azərbaycanda həyata keçirilmiş idman layihələrini təhlil edərək qazanılmış ən uğurlu təcrübələr və çıxarılmış nəticələrdən bəhs etdi.


Tədbir Bakı Dənizkənarı Bulvarda əyləncəli yürüşlə başa çatdı.