Keçi FHN işçilərini ayağa qaldırdı (VİDEO)

7 Aprel 2014 14:40 (UTC+04:00)
Mərdəkan qəsəbəsində gecə baş verən hadisə az qala bütün qəsəbə sakinlərinin həyəcanına səbəb olub. Belə ki, keçi su quyusuna düşüb. Heyvanı xilas etmək üçün dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri çağırılıb.  Məhz öz şıltaqlığı ilə xırda buynuzlu heyvanlar içərisində seçilən keçi bu dəfə sahibi üçün problem yaradıb. Paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınan bu hadisədə keçi, otlamaq əvəzinə su quyusuna düşüb. Qəsbənin bağlar masivində vətəndaşa məxsus həyət evindəki quyuya düşən keçini ilk əvvəl elə ev sahibi özü çıxarmağa çalışıb. Lakin bunun üçün lazımi avadanlığının olmaması onu, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xətt xidmətinə müraciət etməsinə sövq edib.  Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Suraxanı rayonu üzrə xilasedicilər qrupu cəlb olunub. Ərazidə əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, keçi fərdi yaşayış evinin həyatyanı sahəsindəki dərinliyi 33 metr, eni 1,5 metr olan su quyusuna düşüb. Xilasetmə işlərinin çətinliyi nəzərə alınaraq xüsusi alpinist avadanlıqlarından istifadəyə ehtiyac yaranıb. Nazirlik əməkdaşları bu avadanlıqlar vasitəsilə quyuya enərək heyvanı oradan çıxarmağa müvəffəq olublar. Daha sonra keçi sahibinə təhvil verilib.