Əmlakımızla bağlı məlumatları internetdən əldə edə biləcəyik-YENİLİK
7 Aprel 2014 15:07 (UTC+04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) istiqaməti
üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət
təşkil edilib. Bu xidmətlərin hamısı "Elektron hökumət" portalına
inteqrasiya edilib və qısa zaman ərzində 11000-dən çox elektron
müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili
və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə
tutulur. Bunlara dövlət əmlakının
özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclara sifarişlərin
elektron qəbulu, icarə haqqı borcları barədə məlumatların SMS
vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət
haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatın
SMS vasitəsilə verilməsi, kadastr və texniki məlumatların
alınması üçün müraciətlərin elektron qəbulu və digər xidmətlər aid
olacaq. Komitədən bildirilib ki, bundan əlavə, bu ilin mart ayının
3-dən etibarən əmlaka dair arayışların verilməsi ilə əlaqədar
onlayn xidmətlərin tətbiqinə başlanılıb. Belə ki, artıq vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə
dair arayışları (forma-1) almaq üçün ərazi qeydiyyat idarələrinə
getmədən notariuslarda onlayn şəkildə əldə edirlər. Arayışların
onlayn rejimdə verilməsi məmur-vətəndaş ünsiyyətinin aradan
qalxmasına, vaxta böyük qənaət olunmasına səbəb olur: "Eyni
zamanda, yaxın gələcəkdə komitə tərəfindən digər onlayn xidmətlər
istifadəyə veriləcək. Bunlardan biri təkrar bazarlarda əmlak əldə
etmiş vətəndaşların həmin əmlak barədə öz hüquqlarını daha tez
şəkildə reyestrdə qeydiyyata alması ilə bağlı olacaq. Yeni
mexanizmə görə, notariuslar tərəfindən təsdiq edilmiş müqavilələr,
ödəniş sənədləri elektron sistem vasitəsilə dərhal ərazi qeydiyyat
idarəsinə göndəriləcək, əlavə proseduralar aradan qaldırılacaq,
çeviklik təmin ediləcək. Bundan əlavə,
yaxın gələcəkdə vətəndaşlar öz əmlakları barədə zəruri məlumatı
internet vasitəsilə də əldə edə biləcəklər. Ümumiyyətlə, qeydiyyat
sahəsində xidmətlərin daha rahat, yeni və müasir üsullarla əhaliyə
təqdim olunması vətəndaş məmnunluğunu yüksəldəcək. Bütün bu
tədbirlərin icrası nəticəsində əmlak əldə etmiş vətəndaşların
hüquqlarının qeydiyyatı prosesi daha da sadələşəcək, vətəndaşların
sənədləşdirmə prosesinə sərf etdiyi vaxta qənaət olunacaq".