Hərraclar Azərbaycanda hələ də populyarlıq qazana bilmir

7 Aprel 2014 15:42 (UTC+04:00)

Dünyanın bir çox ölkələrində müxtəlif dəyərli əşyaların, əmlakın və s. satışını həyata keçirmək üçün hərraclardan geniş istifadə olunur. Hazırda dünyada get-gedə daha çox diqqət cəlb edən hərrac bazarı təəssüf ki, ölkəmizdə belə demək mümkündürsə,  inkişafdan qalmaqdadır. 

İqtisadçı-ekspertlər mövcud vəziyyəti Movqe.az-a şərh ediblər. 

İqtisadçı Elxan Vəliyev məsələyə belə münasibət bildirib: "Azərbaycanda hərraclar bazarının inkişaf etməməsinin əsas səbəbi ilk növbədə bu sahədə maarifləndirmə işlərinin kifayət qədər aparılmamasıdır. Ölkədə iş adamları, biznesmenlər və ya ayrı-ayrı vətəndaşlar hərrac haqqında məlumatlı deyillər. Məlumatları olmadığına görə də yararlanmırlar. İkinci növbədə isə hərrac bazarını geri salan səbəb odur ki, bizdə broker dilerlərin fəaliyyəti qənaətbəxş səviyyədə deyil. Hərraclarla məşğul olan yalnız dövlət qurumu olmamalıdır. Bu gün ölkəmizdə hərraclara nəzarəti Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirir. Amma sahədə ciddi broker şirkətləri, dilerlər, özəl şirkətlər yaradılmalıdır ki, hərrac məsələləri ilə  bağlı ciddi araşdırmalar aparsınlar və fəaliyyətlərini o istiqamətdə qursunlar. Beləliklə iki səbəb hərraclar bazarının inkişafının qarşısını alır. Hərraclar bazarının zəif inkişaf etməsi isə xaricdən gələn investisiyaların azalmasına səbəb olur. Bundan başqa biznes layihələrinin həyata keçirilməsində də problemlər yaranır. Bütün bunlar göstərir ki, ölkəmizdə hərrac bazarının inkişafı həlli vacib məslələrdəndir və gündəmə daxil olmalıdır".  


İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı-tədqiqatçısı Fərhad Bayramov isə hesab edir ki, Azərbaycanda hərraclar keçirilir. Lakin bu mətbuatda işıqlandrılmır:   "Beynəlxalq aləmdə hərracların keçirilməsi geniş sahələri əhatə edir. Məsələn, daşınmaz əmlak daxil, antik əşyaların, xüsusi rəsm əsərlərinin və hətta adi bazar dəyəri xeyli aşağı olan məhsulu belə son nəticədə xeyriyyə məqsədləri üçün istifadə olunsun deyə, hərraclara çıxararaq yüksək dəyərə reallaşdırırlar. Lakin təəssüflər olsun ki bizim cəmiyyətdə belə ictimai fikir tam formalaşmayıb. Bundan ötrüdür ki, bəzən Azərbaycanda hərracların keçirilməsinin yox səviyyəsində olması fikir ortaya çıxır. Əslində, mən deməzdim ki, hərracların keçirilməsi  Azərbaycanda yox səviyyəsindədir. Sadəcə bunun, yəni hərracın və ya tenderin keçirilməsi ilə bağlı xəbərlərə gündəlik mətbuatda az rast gəlinir. Amma əslində, qanunvericiliyə əsasən də dəyəri 50 000 AZN-dən çox olan bütün dövlət satın almaları tender vasitəsilə həyata keçirilməlidir və keçirilir də. Bizim ölkəmizdə biznes sektorunun iştirakçıları arasında həm də ictimaiyyətdə auksionlara maraq çox azdır. Əksər biznesmenlər bizdə sərvətlərinin gizli qalmasına və mümkün qədər ictimaiyyətdə tanınmamağa üstünlük verirlər. 

Lakin bu da əsas vermir ki, hərracların keçirilməsi ilə bağlı aktivlik yoxdur cavabını verək. Azərbaycanda ən çox hərraclar banklarla problemləri olan və  ipoteka altında olan evlərin banka borcunu ödəmədiyindən əhalidən müsadirə edilərək hərraca çıxarılması və dövlət layihələrinin icra edilməsi üçün elan olunan tenderlərə rast gəlinir. Təbii ki, qanunvericiliyə əsasən, hər hansı malını, mülkünü satmaq istəyən vətəndaşlar tender vasitəsinə müraciət edə bilərlər. Lakin yuxarıda da qeyd etdiyim kimi, marağın və maarifləndirmənin az olduğu üçün bu kimi hallar müşahidə olunmur".

Ekspert bildirir ki, problemli cəhət ölkədə özəl sektor nümayəndələrinin hərracların keçirilməsində maraqlı olmamasıdır: "Mühüm bir məqamı da qeyd edim ki, hərrac vasitəsilə hər hansı layihələrin reallaşdırılması ən şəffaf üsuldur. Lakin bu bizdə sadəcə, dövlət əhəmiyyətli layihələrdə müşahidə olunur. Bizim özəl sektorumuzda rəqabətin zəif olması qiymətli kağızlar bazarın zəif inkişaf etməsi ticarətdə və ya biznesdə auksionların keçirilməsinə mane olan mühüm amillərdir. Problemin həlli kimi, yalnız maliyyə bazarlarında liberallaşdırılmaların sürətləndirilməsi, açıq iqtisadiyyat və yüksək rəqabət mühitinin formalaşdırılması, xarici ölkə biznesmenlərinin Azərbaycanın daxili biznes mühitinə asan giriş etmələri özü ilə bərabər auksion anlayışının inkişafına təsir göstərəcəkdir".