Yol polisi sürücüləri təqib edəcək
7 Aprel 2014 21:41 (UTC+04:00)
Bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi
(qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi
barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin
nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu
məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.
Bununla bağlı Milli Məclisdə müvafiq qanun layihəsi hazırlanıb.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
haqqında" qanun layihəsi hazırlanıb. Qanun layihəsində nəzərdə
tutulan dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanunun 85-ci
maddəsində (Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
əməkdaşının hərəkətləri) 2-ci bəndin "Qeyd" hissəsinin dördüncü
cümləsi aşağıdakı redaksiyada verilir:
"Nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya
sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat
olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə
insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat
vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra
hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz
vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat
vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə
məcburi dayandırma vasitələrindən istifadə edilə bilər".
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, nəqliyyat
vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz
hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə
yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl
edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli
şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna
bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan
olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən
istifadə oluna bilər.