Qırıcı təyyarələr istehsalı Azərbaycanda da reallaşa bilər

8 Aprel 2014 11:01 (UTC+04:00)

Müdafiə Sənayesi Nazirliyi yaranandan qısa bir zaman sonra istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayının 750-ni ötməsini böyük uğur hesab etmək olar. Düzdür, bu sırada aviasiya və ağır texnikaya aid silahlar çox deyil. Amma gələcəkdə vertolyot, təyyarə, tank kimi əsgəri texnikanın da istehsalı qarşıda duran vəzifələrdəndir. Hətta artıq bu istiqamətdə ilkin addımların atıldığını deyə bilərik. Yəni, hazırda Azərbaycan pilotsuz təyyarələrin istehsalını həyata keçirməkdədir. Eyni zamanda digər aviasiya texnikalarının yığımı da mümkün sayılır. Necə ki, bəzi ölkələr bu təcrübədən yararlanırlar. Yəni, hissələrin kənardan alınaraq daxildə texnikanın yığımı praktikası mövcuddur. Hissələrinin kənardan gətirilərək Türkiyədə yığılan "F-16" qırıclarını buna misal göstərmək olar. Azərbaycanda da "Matador" və "Marauder" döyüş maşınları eyni prinsiplə istehsal edilir. Bu sıraya qırıcların və vertolyortların əlavə edilməsi məsələsinə gəldikdə isə mütəxəssislərin fikri yekdil deyil.

Hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazov bildirir ki, Müdafiə Sənayesi Nazirliyi yaranmamışdan öncə SSRİ-dən qalma müdafiə sənayesi obyektləri var idi: "Orada bu sahə üzrə müəyyən işlər görülürdü. Tərtər, Şirvan, Bakı Gəncə və digər yerlərdə hərbi sənaye zavodları fəaliyyət göstərirdi. Hətta Sovetlət İttifaqı dağıldıqdan sonra yenə də onların bəzilərindən istifadə etmişik. Müdafiə Sənayesi Nazirliyi yarandıqda isə həmin zavodlar nazirliyin tərkibinə keçdi. Atıcı, iri çaplı avtomatik silahlar, istərsə də onlara daxil olan sursatlar olsun, bunların istehsalı bizdə geniş şəkildə aparılır. Hətta biz onların müəyyən xarici dövlətlərə müqavilə ilə satışını da həyata keçiririk. Amma daha iri çaplı silahların, helikopterlərin, qırıcı təyyarələrin, tankların yığılmasına Azərbaycan kimi nisbətən kiçik ölkədə ehtiyac yoxdur. Ordmuuzun sayı, ərazimizə baxdıqda ona yatırım qoymaq sərf etmir. Yəni, Rusiya və ya elə Ukrayna ilə müqayisədə bizim ərazi, ordumuz nisbətən kiçikdir. Ərazimiz kiçik olduğuna görə də ordumuz da kiçik olmalıdır. Ona uyğun olaraq geniş istehsala ehtiyac yoxdur. Buna həm də ona görə ehtiyac yoxdur ki, məsələnin siyasi tərəfi var. Həm rentabellik, həm kommersiya, həm də siyasi baxımdan Azərbaycanın buna ehtiyacı yoxdur. Bu məsələdə texnikanı bizə yaxın ölkələrdən – Rusiyadan, Ukrayandan və digər ölkələrdən almağımız münasib olardı. Ancaq özümüz onların təmirini həyata keçirmək imkanına malikik".

Digər ekspert Azad İsazadə hesab edir ki, yaxın vaxtlarda Azərbaycanın hərbi hava qüvvələri üçün silah istehsalı o qədər real görünmür: "Amma bu, o demək deyil ki, qeyd edilən istiqamətdə işlər aparılmamalıdır. Texniki və kadr baxımdan gələcəkdə tam da olmasa, bəzi hissələri özümüz yığa və təmir edə bilərik. Bunun üçün hələlik kadr potensialımız var. Çünki, vaxtı ilə Azərbaycanda hərbi istehsal müəssisələri olub. Orada çalışmış kadrlar hələ də fəaliyyət göstərir. Həmin insanları yenidən tapmaq və gənc nəslin arasında da bu kadrları yetişdirmək lazımdır. Yəni, belə potensialımız var. Gələcəkdə mümkündür".

Ekpertin fikrincə, yığım məsələsində tam müstəqil özümüzün hərəkət etməyimiz çətin məsəldir: "Yəqin ki, yığım işlərinə başalnılsa, bunu hansısa ölkə ilə birgə həyata keçirməli olacağıq. Çünki, elə Türkiyənin özü hərbi təyyarələrini buraxmağa yeni başlayıb. Hərbi uçuş texnikasının istehsalı və yığımı çox mürəkkəb porsesdir. Azərbaycan pilotsuz təyyarələri buraxmağa başlayıb. Yəni, bünövrə var. Ancaq hərbi hava qüvvələrini tam öz texnikalarımız ilə təmin etmək tezdir. Paralel olaraq bu istiqamətdə iş aparılmalıdır".