"Elektron hökumət"də ən çox istifadə olunan xidmətlər

8 Aprel 2014 13:25 (UTC+04:00)

"Elektron hökumət" portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub.

 

Movqe.az-ın məlumatına görə, bunu Fondun maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclu  DSMF-nin elektron hesabat xidmətinin keyfiyyətinin artırılması ilə bağlı keçirilən tədbirdə deyib.

 

O bildirib ki, Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində də ardıcıl işlər görülür: "Bunlardan biri də elektron hesabat xidməti üzrədir. Elektron hesabat xidmətindən istifadə qaydaları və xüsusi proqram təminatı DSMF-nin sspf.gov.az, www.e-sspf.gov.az saytlarında yerləşdirilib. "Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu" adlı proqramda sığortaedənlərə təklif olunan elektron xidmətlər, onlardan istifadə qaydaları öz əksini tapıb. Bura sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatının tərtibi üzrə proqram təminatından istifadə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin DSMF orqanlarında məcburi dövlət sığortası üzrə rüblük hesabatının tərtibi üzrə proqram tərtibatından istifadə, hesabatları və məlumatları DSMF orqanlarına elektron formada təqdimetmə daxildir".

 

R.Oruclu əlavə edib ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir: "Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılan "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir".