Bakının itkiyə gedən yağış suları

8 Aprel 2014 16:33 (UTC+04:00)

Ölkəmizdə içməli su bir çox hallarda  texniki məqsədlərlə də istifadə olunur.Halbuki, dünyanın əksər ölkəsində içməli sudan  texniki su kimi, yəni sənaye müəssələrinin ehtiyacı üçün, eyni zamanda  yaşıllıqların suvarılmasında istifadə olunmur. Bizdə isə az qala bütün  sahələrin suya olan tələbatı içməli su hesabına ödənilir.

Bu fonda maraqlı bir məqamı da qeyd edək ki, hesablamalara görə,  Bakı şəhərinə  1 ildə  yağan yağışların miqdarı  paytaxta gətirilən içməli suyun həcminə bərabərdir. Bu sulardan səmərəli istifadə etmək məqsədilə  yağış sularının yığılması reallaşarsa, onda içməli suya da əhəmiyyətli dərəcədə qənaət olunar.

Məsələyə mütəxəssis rəyini öyrənmək üçün ekspertlərə üz tutduq.

Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru, ekoloq Nəriman Ağayevin sözlərinə görə, içməli suya qənaət artıq həyatın tələbidir: "Azərbaycan su nöqteyi-nəzərdən Cənubi Qafqaz respublikalarından fərqlənir. Amma bizdə bir problem var ki, biz suya qənaətcil yanaşmırıq. Normativ sənədlərə görə, il ərzində adambaşına 200 litr su işlənir. Biz onu 100 litrə də çatdırsaq, bu, bizə kifayət edəcək. Sadəcə, problem ondan ibarətdir ki, bizdə içməli su və texniki su arasında fərq qoyulmur. İçməli sudan səmərəli istifadə etmirik. Burada həm hökumətin yanaşmasını, həm də vətəndaşın suya olan münasibətinin tənzimlənməsinin dəyişdirilməsinə ehtiyac var. İçməli suya qənaətcil yanaşmaq lazımdır. Çünki bu ehtiyacdır. Həyat bunu tələb edir və biz buna tabe olmalıyıq".  

Su İstehsalat Birliyinin sədri Dövlətxan Məmmədov isə hesab edir ki, rəqəmlərdə ölkə ərazisində illik yağışın həcmi içməli suya bərabər göstərilsə də, bu göstərici reallığı əks etdirmir. Birliyin sədri bildirir ki, 

Azərbaycanda yağışın həcmi çox aşağıdır: " Ona görə bu sular üçün anbarlar tikməyin bir əhəmiyyəti yoxdur. Maliyyə cəhətdən bu sərfəli deyil. Düzdür, bu gün suvarma üçün də içməli sudan istifadə edilir. Yaxşı olardı ki, çoxlu sayda quyular qazılsın. Çünki Azərbaycanda yeraltı sular kifayət qədər zəngindir ki, bundan texniki məqsədlə istifadə edilə bilər. İndi ölkənin çox yerində, rayonlarda, Bakı ətrafı kəndlərdə demək olar ki hər insanın həyətində quyu suyu var. Bu sudan suvarma məqsədilə istifadə edilir. 

Bu gün Bakı şəhərində içməli su çatmır. Paytaxt əhalisi gündən-günə çoxalır. Əhali çoxaldıqca artan tələbatı ödəmək getdikcə müşkülə çevrilir.  Belə olan halda gələcəkdə yeni su kəmərlərinin çəkilməsinə ehtiyac yaranacaq.  Yaxşı olardı ki, içməli suya qənaət edilsin və yeni su kəmərlərinin salınmasına sərf olunacaq pul səhiyyəyə, təhsilə yönəldilsin, nəinki əlavə su kəmərinə.

Bir daha qeyd edim ki, içməli suya qənaət baxımından, texniki məqsədlə istifadə olunacaq suyun əldə edilməsi üçün quyular çoxaldılsa, daha yaxşı olar. Yağış sularının toplanması üçün əlavə anbarların yaradılması isə, dediyim kimi, maliyyə cəhətdən sərfəli deyil. Ən azından ona görə ki, hava proqnzunda qeyd olunur ki, paytaxt Bakının bəzi yerlərinə yağış yağacaq. Bəzi yerlər deyərkən konkret hansı hissədən söhbət getdiyi naməlum qalır. Buna görə də, hardan bilmək olar ki, konkret harda anbar tikilməlidir? Bu səbəblərdən, mən bu addımı məqsədəuyğun hesab etmirəm".