Cari ilin fevralında vergilər naziri Fazil Məmmədovun maliyyə amnistiyası ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə geniş rezonans doğurdu. Həmin vaxt nazirqeyd edirdi: "Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır". Onun sözlərinə görə, bu böyük layihədir və Azərbaycan buna hazırdır: "Bu bir neçə ili əhatə edən layihə olacaq. Burada söhbət gəlirlər haqda bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın, həmçinin gəlirlərinin leqallaşdırılmasından gedir". Fazil Məmmədov deyib ki, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz: "İstər əmlak, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Bütün hallarda bu qərar qəbul olunacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir".
Ekspertlər isə hesab edir ki, maliyyə amnistiyasını tezləşdirilməsinə ehtiyac var və bu, ölkə iqtisadiyyatı üçün də sərfəlidir.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir
ki, sözügedən qanun layihəsinin korrupsiyaya qarşı mübarizə
tədbirlərinin genişləndirilməsində və ölkədə investisiya mühitinin
gücləndirilməsində effektiv təsiri olacaqdır: "Ölkə
iqtisadiyyatının bir çox sektorlarına, o cümlədən korrupsiyaya
qarşı mübarizə tədbirlərinə effektiv təsiri olacaq bu qanun
layihəsinin qəbul olunması tərəfdarıyam. Bu, birmənalı
şəkildə Azərbaycanın investisiya mühitini yaxşılaşdırmaqla daxili
investisiya qoyuluşunun və ölkəyə gələn investisiya qoyuluşlarının
artmasına gətirib çıxaracaq. O baxımdan qanunun qəbulu ölkə
iqtisadiyyatının inkişafı baxımından birmənalı olaraq məqsədəuyğun
addım olardı. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycanda maliyyə
amnistiyası haqda qanunun qəbul olunması üçün kompleks şəkildə
görüləcək işlərə ehtiyac var. Bu, sadəcə qanunun qəbul
edilməsi və onun icra edilməsi ilə bitmir. Ölkədə həmin qanunun
qəbulu ilə bağlı işlərin gücləndirilməsinə ehtiyac var ki, onlardan
biri də korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi
üçün vahid planın qəbuludur".
Parlamentin
İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli isə Movqe.az-a
bildirib ki, qanun layihəsinin qəbulu hələ ki, Milli Məclisdə
müzakirə olunmur: "Maliyyə amnistiyası haqda qanunun qəbul edilməsi
haqda bir müddət əvvəl Vergilər Nazirliyi tərəfindən təkliflər
irəli sürüldü. Mən də dəfələrlə həm Milli Məclisdə, həm də
mətbuatda bu məsələni qaldırmışam. Lakin hələ sözügedən qanun
layihəsi Milli Məclisdə müzakirə olunmur. Belə olan təqdirdə onun
qəbulundan söhbət gedə bilməz".