Kürün balıqları yoxa çıxır

8 Aprel 2014 18:47 (UTC+04:00)

Son aylarda ölkəmizin ən böyük çayı olan Kürdə suyun səviyyəsinin azalması  burada fauna və floraya da təsirsiz ötüşmür. Belə fikirlər də səslənir ki, Kürün suyunun  azalması burada balıqlarında azalmasına səbəb olub.  Ümumiyyətlə, ötən illər ərzində digər səbəblər üzündən də Kürdə balıqların sayının azalması müşahidə edilir.  30-35 il bundan əvvəl Kürdə istənilən növ - xəşəm, ziyad, nərə, qızılbalıq, çəki, ilanbalığı, şirbit, şamayı, çapaq və digər növdə olan balıqlar olub. Kür boyunca vətəgələr yerləşib. Bu proses ötən əsrin 70-ci illərinin axırlarına kimi davam edib. Sonrakı illərdə isə çayda balıqlar tədricən azalmağa başlayıb. 

Ekoloq Telman Zeynalovun sözlərinə görə,  son illər balıq növlərinin azalmasının əsas səbəbi dənizlə Kür arasındakı sahənin həddindən artıq lillənməsidir: "Lilləri təmizləmək lazımdır ki, dənizin balıqları kürü tökmək üçün çaya gələ bilsin. Su lilli olduğuna görə balıqlar kürü tökə bilmirlər. Nəticədə onlar atmadıqlarına görə, sayları minimuma enir. Ona görə gələn lilləri mütəmadi olaraq təmizləmək lazımdır. Kürün dibini təmizləmək lazımdır ki, balıqlar rahat gedib-gələ bilsinlər. Bizdə bu problem aradan qaldırılmır deyə, balıqların sayı getdikcə azalır".


Zoologiya İnstitutunun İxtiologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev isə hesab edir ki, problemin əsas səbəbi çayların üzərində su anbarlarının tikilməsidir: "Kür çayında balıqların azalmasının bir sıra səbəbləri var. Ən böyük səbəbi 50-ci illərən etibarən Kür çayının üzərində su anbarlarınn yaradılmasıdır. Balıqların əksəriyyəti dənizdə yaşayır və onlar kürü tökmək üçün çaya gedirlər. Əksəriyyəti Arazdan Naxçıvana qədər qalxır və burda kürü tökərək artırdılar. Lakin Bəhramtəpə su qovşağının yaradılması, Mingəçevirdə su anbarlarının yaradılması və s. balıqları əvvəlki yerlərinə getməkdən təcrid  elədi. Bu çatışmazlıqları aradan qaldırmaq üçün sonradan süni balıqartırma zavodları tikildi. Hal-hazırda Azərbaycanda 4 nərəartırma zavodu, 8-ə yaxın digər balıqların artırılması ilə məşğul olan zavodlar var. Bunların hamısı dəymiş zərəri ödəmək üçün yaradıldı. O zavodların ilk illərdə çox əhəmiyyəti oldu. Orda balıqlardan körpələr alınır və təbiətə buraxılırdı. Lakin bu işlər  Sovet höküməti fəaliyyət göstərən zaman daha geniş şəkildə aparılırdı. Sovet höküməti dağılandan sonra nəzarətsizlik, qanunsuz balıq ovunun artması nəticəsində xeyli balıqların həm təbii şəraitdə artmasına imkan olmadı, eyni zamanda bu zavodlar getdikcə azalmağa başladı. Düzdür, 2006-cı ildə Neftçalada nərə balığı artırma zavodu tikildi. Bu kimi zavodlar indi də fəaliyyət göstərir. Lakin onların qarşılaşdığı bir sıra çətinliklər var. Onlar ana balıqları tapmağa çətinlik çəkirlər. Çünki balıqların əksəriyyəti yoxa çıxıb. Amma yenə də, bu işi davam etdirirlər. 

Balıqların azalmasına başqa səbəblər haqda isə biz araşdırmalar aparırıq".