Bakı-Tiflis-Ceyhana yaranan böyük təhlükə

9 Aprel 2014 08:36 (UTC+04:00)

Rusiya bütün vasitələri ilə Qafqazda mövqelərini gücləndirməyə çalışır və hazırda burada NATO-ya daxil olmağa çalışan Gürcüstana ən müxtəlif formada təzyiqlər göstərir. Bir müddət əvvəl Cavaxetiyada yaşayan ermənilərə rus pasprotlarının verilməsi ilə kifayətlənməyən rəsmi Kreml bu dəfə Cənubi Osetiyanın sərhədlərini Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin keçdiyi ərazilərdə irəliyə çəkməyə başlayıb. Məlumatlara görə, son bir neçə gündə Qorinin Xurveleti və Bobnebi yaşayış məntəqələri istiqamətində sərhədlər 300 metrə qədər irəliyə çəkilib. Əvvəllər isə ayrıcı zolağı göstərən yazı lövhəsi təxminən 600 metr kənarda olub. Hətta artıq Xurvelet kəndi yaxınlığında olan yüksəkliklərə də nəzarəti Rusiya sərhədçiləri ələ keçirib. Bu istiqamətlərdə sərhəd olduğunu bildirən bannerlər yerləşdiriblər. Xurveleti kəndinin daxili yollarındada tikanlı məftillər quraşdırılıb.

Şimal qonşumuzun bu addımı ilk baxışda tək Gürcüstan yox, Azərbaycan üçün də təhlükəli görünür. Çünki, yeni sərhəd Bakı-Tiflis-Ceyhan neft boru kəmərinə bir qədər də yaxınlaşıb. Son vaxtlar Rusiya ilə Qərbin arasındakı soyuqluğu nəzərə alsaq, ağlagələn təhlükə bir qədər də real görünə bilər.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirir ki, əgər Rusiya Bakı-Tiflis-Ceyhan kəmərinə fiziki baxımdan təsir etmək istəyirsə, brada sərhədi irəli çəkməyin heç bir əhəmiyyəti yoxdur: "Yəni, kəməri istənilən şəkildə sıradan çıxarmaq olar. Amma məsələ burasındadır ki, kəmər təkcə Azərbaycanın mülkiyyətində deyil. Kəmər, Avropya enerji daşıyıcılarını ixrac edən magistral xətdir. Ona qarşı bu və ya digər addımı atmaq artıq Qərbə qarşı müharibə elan etməkdir. Söhbət burada Krımın işğalından, təkcə Azərabycanın neft kəmərindən getmir. Söhbət Avropanın enerji təhlükəsizliyindən gedir. Təbii ki, əgər belə təhlükələr olarsa, bunun adekvat cavabları da gələcək. Amma Rusiyanın bu addımı sadəcə olaraq bir təhdiddir". Politoloq qeyd etdi ki, sərhədlərin çəkilməsi beynəlxalq qanunda ikitərəfli müqavilə əsasında tənizmlənir: "Hökumətlərarası saziş əsasında müəyyənləşir".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı bildirdi ki, Rusiya Krımı ilhaq etməklə postsovet məkanında bəzi etnik problemlərə yönəlik baxışını yenidən korrektə edir: "Keçdiyimiz günlərdə Cənubi Osetiya ilə Gürcüstan sərhəd xəttində rus ordusunun bir nçə yüz metr irəliyə çəkməsi və bunun kimi digər provakativ hərəkətlər əslində, psixoloji nüansdır. Gürcüstan hökumətinə təzyiq kimi dəyərləndirilə bilər. Sərhəd xəttinin irəliyə çəkilməsi hərbi-strateji baxımdan Rusiyaya bəlkə də ciddi dividend gətirmir. Xüsusi ilə psixoloji məqama fikir vermək lazımdır. Çünki, Rusiyanın Ukrayna ilə münasibətləri pozmasından sonra təkcə iki ölkə arasında yox, eyni zamanda Kremlə Qərb arasında da ciddi problemlər yaşanır. Hələlik Rusiya bu məsələdə üstün görünsə də, nəticənin nə olacağı barədə qəti fikir bildirmək mümkün deyil".

Politoloq qeyd etdi ki, Bakı-Tiflis-Ceyhan neft boru xətti həmin ərazidən keçir: "Rus ordusunun boru xəttinə daha yaxın bir yerdə mövqe tutması təhdidlər yaradır. Təhdidin hərbi müstəviyə keçmə ehtimalı yüksək deyil. Bu baxımdan hər nə qədər belə bir hadisə yaşansa da, Bakı-Tiflis-Ceyhan neft boru xəttinə hansısa bir hərbi əməliyyatın olacağı istisna edərdim. Çünki bu, tək Azərbaycanın və Gürcüstanın deyil, beynəlxalq bir magisrtaldır. Bu baxımdan Rusiya burada siyasi gediş edərək tərəflərin məsələyə münasibətini bilmək istəyir. Diqqətin Şərqi Ukrayandan yayındıraraq Cənubi Qafqaza istiqamətləndirilmə ehtimalı da var".

Hatəm Cabarlı əlavə etdi ki, sərhədlərin təyini adətən iki dövlət arasında müzakirələr nəticəsində mümkün olur: "Bu, beynəlxalq hüquqda qəbul edilmiş ənənədir. Amma buna dövlətlərin əməl etmək kimi bir məcburiyyəti də yoxdur. Məsələn, Krım nümunəsində gördük ki, Rusiya ikili müzakirələr çərçivəsində deyil, öz hərbi-siyasi iradəsini ön plana çıxararaq sərhədlərini genişləndirdi. Odur ki, Cənubi Osetiyada cəbhə xətlərinin önə çəkilməsi Rusiyanın Cənubi Qafqaza yönəlik növbəti siyasəti kimi dəyərləndirmək olar".