Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi jurnalistlər üçün müsabiqə keçirir

8 Aprel 2014 19:30 (UTC+04:00)

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Mətbuat Şurası ilə birlikdə jurnalistlər arasında yaradıcılıq müsabiqəsi keçirir. Nazirlikdən movqe.az-a verilən məlumata görə, müsabiqə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülmüş işlərə həsr olunmuş "Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır" mövzusunda olacaq. Müsabiqəyə Heydər Əliyev strategiyasının ölkə regionlarının inkişafında rolu, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində görülmüş işlər, regional dövlət proqramlarının ölkənin iqtisadi inkişafında əhəmiyyəti, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasından gözlənilən nəticələr istiqamətləri üzrə məqalələr, televiziya və radio süjetləri təqdim edilə bilər. Müsabiqədə yerli və Azərbaycanda akkreditə olunmuş xarici KİV-lərin əməkdaşları və müstəqil jurnalistlər fərdi və ya müştərək halda iştirak edə bilərlər. Hər bir jurnalist və ya jurnalistlər qrupu müsabiqəyə yalnız bir məqalə (süjet) təqdim edə bilər. Təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya və radio süjetləri isə 3 dəqiqədən az olmamalıdır. Məqalələr, televiziya və radio süjetləri Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər. Məqalələr, televiziya və radio süjetləri Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır. Məqalənin sonunda, televiziya və ya radio süjetlərdə "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" qeydi göstərilməlidir.

Məqalələrin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş məqalələrin saytdan çıxarılmış versiyası, televiziya və radio süjetləri isə DVD-də olmaqla yaradıcılıq müsabiqəsində iştirak etmək istəyən namizədin vəsiqəsinin surəti ilə birlikdə mayın 1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küç., 84 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cü otaq) təqdim edilməli, elektron formada " [email protected]" poçt ünvanına göndərilməlidir. Müsabiqəyə təqdim olunmuş məqalələr, televiziya və radio süjetləri İqtisadiyyat və Sənaye Nazirliyində yaradılmış Komissiya tərəfindən mayın 10-dək qiymətləndiriləcək və müsabiqənin qalibləri elan ediləcək. Müsabiqədə iştirak məqsədilə hazırlanmış bütün məqalələr, televiziya və radio süjetlər Nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcək.

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.