Azərbaycan müqaviləli ordu sisteminə keçir

9 Aprel 2014 09:59 (UTC+04:00)

Son illər Azərbaycanda hər sahədə sürətli inkişaf gedir. Bu inkişaf özünü ordu quruculuğu sahəsində də qabarıq formada göstərir. Aparılan siyasət nəticəsində indi ordumuz təkcə Cənubi Qafqazın yox, MDB və Şərqi Avropanın ən güclü, çevik ordularından birinə çevrilib. Bu fonda dəfələrlə gündəmə gələn məsələlərdən biri müqaviləli ordu sistemindən də ölkədə istifadə olunmasıdır. Xatırladaq ki, NATO-da, elə Rusiyanın özündə müqaviləli ordudan geniş istifadə olunur. Azərbaycanda müqaviləli ordu sisteminə keçidin sürətləndirilməsi məqbul sayılır. 


Üzeyir Cəfərov: "Belə bir addımın atılması ordunun keyfiyyət göstəricilərinin daha da yüksəlməsinə imkan verəcək"


Hərbçi ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycan hərbisinin müqaviləli ordu sisteminə keçidini sürətləndirmək lazımdır: "Hesab edirəm ki, müqaviləli ordu sisteminə keçid asan bir məsələdir. Sadəcə olaraq, prosesin həyata keçirilməsinə bir istək olmalıdır. O istəyin olduğu təqdirdə qısa bir müddətdə Azərbaycan ordusunu müqaviləli sistemə keçirmək olar. Belə bir addımın atılması ordunun keyfiyyət göstəricilərinin daha da yüksəlməsinə imkan verəcək. Peşəkar ordu sisteminə keçid orduda bəzən rastlaşdığımız neqativ halların qarşısını almaq baxımından da əhəmiyyətlidir. Ordu faktiki olaraq peşəkarlardan formalaşdıqda onun səviyyəsi maddi və mənəvi baxımdan da xeyli dərəcədə artacaq. Ona görə də, prosesi qanunvericilik aktlarının qəbulu ilə tezləşdirmək lazımdır. Bunun baş verməsi üçün güc strukturlarının daha ciddi maraq göstərmələri də vacibdir. Amma bu sahədə çalışan bəzi şəxslər sözügedən istiqamətdə nədənsə təşəbbüslə çıxış etmirlər. Əslində, bu istiqamətdə təşəbbüs ilk öncə onların özlərindən gəlməlidir. İstəsək də, istəməsək də, nə vaxtsa Azərbaycan ordusunu müqaviləli sistemə keçirməli olacağıq. Çünki 3 min çağırışçını həqiqi hərbi xidmətə çağırmaqdansa, bu işi min nəfər peşəkara həvalə etməklə, keyfiyyət və kəmiyyət baxımından xeyli dərəcədə irəliləyə bilərik".


Azad İsazadə: "Müqaviləli ordu sistemində ordumuzun döyüş qabiliyyəti qalxacaq"


Digər ekspert Azad İsazadə də qeyd etdi ki, peşəkar ordu sisteminə keçidin sürətləndirilməsi vacibdir: "Bilirik ki, müqaviləli ordu daha yüksək döyüş qabiliyyətli ordu sayılır. Çünki burada olanlar 1 il, il yarım deyil, daha çox müddətə xidmət edirlər. Hansı ki, peşəkarların həyat təcrübəsi digərlərinə nisbətən daha çox olur. Peşəkarlar döyüş zamanı da daha yaxşı uğurlara imza ata bilirlər. Müqaviləli orduya keçidi sürətləndirməklə bu sahədə mövcud olan bir sıra problemlərin də qısa zamanda həllinə nail olacağıq. Müqaviləli ordu sistemində Silahlı Qüvvələr daha yaxşı inkişaf tempinə çatacaq. Müqaviləli ordu sistemi qoşunların sayının azalması, amma bunun müqabilində keyfiyyətin yüksəlməsinə gətirib çıxaracaq. İkinci bir tərəfdən, ordumuzun döyüş qabiliyyəti qalxacaq. Bu fonda arxa cəbhədə çağırışçılar arasında hərbi hazırlıq da keçirilməlidir. Peşəkar orduya keçidi sürətləndirmək üçün struktur dəyişiklikləri baş verməlidir. Praktiki olaraq hazırda Azərbaycan ordusunun 90 faizi çağırışçılardan ibarət olduğundan bütün qanun və sənədlər də bunun üzərində qurulub. Deməli, müqaviləli orduya keçid zamanı ilk növbədə qanun və sənədləşdirmə prosesi dəyişdirilməlidir. Müqavilə ilə hərbi qulluğa götürməyin bəzi vəzifələri var. Amma bu vəzifə siyahısı genişlənməlidir. Əmək haqqı, maliyyə kimi məsələlər həll olunmalıdır. Həmçinin, müqavilə əsasında qulluq edənlərin sosial təminatı, yaşayış məsələsi də həllini tapmalıdır. Eyni zamanda 5-10 il ərzində müqavilə ilə qulluq edən insana və onun ailəsinə daha yaxşı yaşayış şəraiti yaradılmalıdır".


Fərəc Quliyev: " Yaxın zamanlarda belə bir qanunvericilik bazası plenar iclaslarda müzakirə olunacaq "


Millət vəkili Fətəc Quliyev isə vurğuladı ki, yaxın zamanlarda arzuladığımız ordu sistemini görə biləcəyik: "Ordunun müqaviləli sistemə keçidi üçün müəyyən işlər görülür. Azərbaycanda yeni hərbi qanun da qüvvəyə minəcək ki, burada bütün məsələlər nəzərdə tutulub. Təbii ki, tamam şəkildə bu sistemə keçid mümkün deyil. Amma hər halda peşəkar orduya keçid də nəzərdə tutulacaq. Orduda müəyyən işlər indidən mülki vətəndaşlara həvalə edilib. Lakin daha kontakt, çevik ordu yaratmaq üçün əsasən müqaviləli vəziyyətə keçmək mümkündür . Tamamilə müqaviləli ordu sisteminə keçmək isə mümkün deyil. Hər halda Azərbaycanda tendensiya NATO standartına uyğun bir ordu yaratmaqdan keçir. Bununla bağlı ortada siyasi iradə var, qanunvericilik bazası da yaradılır. Hesab edirəm ki, yaxın zamanlarda arzuladığımız ordu sistemini görəcəyik. Qanunvericilik bazasında da bütün məsələlərə yenidən baxılacaq. Hərbçilərin sosial hüquqlarından tutmuş bütün məsələlər nəzərdə tutulur. Yaxın zamanlarda belə bir qanunvericilik bazası plenar iclaslarda müzakirə olunacaq".